UNEC-in Elmi Şurasının yeni tərkibi təsdiqlənib
UNEC-in Elmi Şurasının iclası keçirilib.
Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.
Yeni ildə keçirilən ilk iclasda elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təsdiqlənmiş Elmi Şuranın yeni tərkibinin siyahısı açıqlanıb. Rektor, professor Ədalət Muradov Şuranın üzvlərini təbrik edərək, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində onlara uğurlar arzulayıb.
Şurada tədris üzrə prorektor, dosent Gəray Musayev Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” əsasında hazırlanan UNEC-in institusional akkreditasiyası üzrə özünütəhlilin nəticələri haqqında hesabatla çıxış edib. Hesabatda akkreditasiya üzrə Təşkilat Komissiyasının təqdim etdiyi meyarlar, indikatorlar, tövsiyələr barədə məlumatlar təqdim olunub. Hesabat Şura üzvləri tərəfindən təsdiq edilib.
Rektor UNEC-də fakültə idarəetməsində vahid modelin tətbiq olunacağını diqqətə çatdırıb. Bu məqsədlə universitetdə Dekanlar Şurasının yaradılması təklif olunub. Təklif səsə qoyularaq qəbul edilib.
Elmin populyarlaşdırılması, elmi bilikləri, nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, gənclərin elmə marağını artırmaq məqsədilə UNEC-də Elmin Populyarlaşdırılması Mərkəzinin yaradılması təklif olunub. Təklif Şura üzvləri tərəfindən təsdilənib.
Şurada UNEC-in Zaqatala filialında UNEC Regional Tədqiqat Mərkəzi yaradılması təklifi səsə qoyularaq, qəbul edilib.
Elmi Şuranın qərarı ilə UNEC əməkdaşlarının sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə onların əməkhaqları 10% faiz, proqram rəhbərlərinin əmək haqlarına edilən əlavələr isə 17 faiz artırılıb. Bununla da UNEC-də orta əmək haqqı 1296 manat, o cümlədən pedaqoji heyət üzrə 1485 manat, inzibati və tədris-köməkçi heyət üzrə 1115 manat təşkil edib.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.