Türkiyədə baş verən zəlzələ Azərbaycan üçün TƏHLÜKƏ YARADA BİLƏR? – AÇIQLAMA
“Zəlzələ yerdaxili bir prosesdir və biz bunu hər gün izləyirik. Yaxın günlər üçün elə bir əsas vermir ki, katostrafik zəlzələ baş versin. Amma hər gün hiss edilməyəcək səviyyədə zəlzələlər baş verir.”
Bu sözləri “İNFONEWS”-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı danışarkən bildirib. O, qeyd edib ki, yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur.
“Türkiyədəki zəlzələ Azərbaycanla sərhəddən təxminən 700-800 km aralıda baş verib. Bu uzaqlıqda baş verən zəlzələ ölkəmizdəki zəlzələ ocaqlarını oyada bilməz. Baxmayaraq ki, Azərbaycanda hər gün yeraltı təkanlar qeydə alınır. Lakin çoxu hiss olunmur. Odur ki, yaxın günlərdə ölkədə güclü təkanların olması gözlənilmir”.
Qeyd edək ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 912 nəfər ölüb, 5385 nəfər yaralanıb, 1710 binanın dağıntılara məruz qalıb.
Oğuz Ayvaz