Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir .
Dövlət İmtahan Mərkəzindən (DİM) “İNFONEWS”-a verilən məlumata görə, 9 fevral 2023-cü il tarixində 13 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 25-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 16-sı B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, rəhbərin müavini – sədrin müavini vəzifəsidir.
Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyində 7, İqtisadiyyat Nazirliyində 6, Maliyyə Nazirliyində 6, Energetika Nazirliyində 6, Diasporla İş üzrə Dövlət Komitəsində 4, Hesablama Palatasında 3, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Əqli Mülkiyyət Agentliyində 2, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1, Bakı Kommersiya Məhkəməsində 1, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində 1, Sumqayıt Şəhər Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılmışdır.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 9 fevral 2023-cü il tarixindən 23 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.