Türkiyənin Ceyhan terminalında Azərbaycan neftinin yüklənməsi bərpa olunub.
Türkiyənin Ceyhan terminalında Azərbaycan neftinin yüklənməsi bərpa olunub
Bakı-Tbilisi-Ceyhan kəməri ilə çatdırılan Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Türkiyənin Ceyhan terminalında tankerə yüklənməsi bərpa edilib.
Bu barədə ” İNFONEWS “a “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin operatoru olan “BP Azerbaijan” şirkətindən bildirilib.
Bildirilib ki, daha əvvəl xəbər verdiyi kimi, BTC-nin Türkiyə hissəsinin və Ceyhan terminalının operatoru olan “Botas International Limited” (BIL) şirkəti tərəfindən Ceyhandan neftin daşınması dayandırılıb.
Bu qərar fevralın 6-da Türkiyənin bu bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində ziyan dəymiş estakadalardan birində neft sızmasının aşkarlanması ilə əlaqədar qəbul edilib.
BP-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlının sözlərinə görə, dəyən ziyan qiymətləndirilib, lazımi təmir işləri aparılıb və sınaqlardan sonra yanalma qurğularının tam təhlükəsiz olmasına əmin olan operator neftin sonradan dünya bazarlarına göndərilməsi üçün tankerə yüklənməsini bərpa edib.
Qeyd edək ki, Ceyhandan daşımaların dayandırılmasına baxmayaraq, Azərbaycan neftinin BTC ilə nəqli davam edirdi. O, Ceyhan terminalının sisternlərində saxlanmaq üçün təhvil verilib.
BP nümayəndəliyinin məlumatına görə, şirkət Səngəçal terminalından BTC neft kəməri ilə neft nəql etməyə davam edir. Neft Ceyhana çatdırılır və orada mövcud olan saxlanc çənlərinə doldurulur.
Ceyhan limanında hər biri 1 milyon barel tutumlu 7 neft saxlanc çəni var. T.Bayatlının sözlərinə görə, hazırda neftin saxlanması üçün imkanlar var və ona görə də BTC üzrə ixracat davam edir.
Xəttin gündəlik ötürücülüyü 1,2 milyon bareldir. Ceyhan limanından göndərilməklə BTC boru kəməri ilə başqa sort neft, o cümlədən Qazaxıstan nefti də ixrac olunur.