Artıq ödənilmiş vergilərin qaytarılmasının yeni mexanizm hazırlanıb

Artıq ödənilmiş vergilərin qaytarılmasının yeni mexanizm hazırlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergiödəyicilərinin dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yeni mexanizm hazırlayıb. İxrac fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılacaq.

“İNFONEWS” -un Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumatına görə, yeni mexanizmin ilkin olaraq ixrac fəaliyyəti göstərən vergiödəyicilərini əhatə etməsi, sonrakı mərhələlərdə digər vergiödəyicilərinə də şamil olunması nəzərdə tutulur. Artıq ödənilmiş məbləğlərin çevik qaydada qaytarılması ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə resurslarının likvidliyinin artırılmasına şərait yaradacaq, eyni zamanda, onların inzibati işlərə vaxt itkisinin qarşısını alacaq.

Artıq ödənilmiş vergilərin avtomatlaşdırılmış qaydada qaytarılması mexanizminə əsasən, vergi orqanı tərəfindən belə məbləğlər müəyyən edilərək qaytarılması məqsədəmüvafiq hesab olunan məbləğlər seçiləcək və sistemdə təsdiq əməliyyatı yerinə yetiriləcək.

Vergi orqanının təsdiqi nəticəsində ödəyicinin elektron kabinetində tərtib edilmiş ərizə məlumatları avtomatik əks olunacaq və vergiödəyicisinə bildiriş göndəriləcək. Ərizə vergiödəyicisi tərəfindən təsdiq, rədd və ya düzəliş (məbləğin azalması, hesabın dəyişdirilməsi) edilə bilər. Ərizə vergiödəyicisi tərəfindən təsdiqləndikdə, müəyyən edilmiş müddət ərzində icra olunması üçün vergi orqanına veriləcək və müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə göndəriləcək.

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə vergiödəyicilərinə münasibətdə müəyyən şərtlər mövcuddur. İlk növbədə,

vergiödəyicilərinin fəaliyyəti ixrac sahəsini əhatə etməli, riskli vergiödəyicisi olmamalı, riskli vergiödəyicisindən elektron qaimə-faktura əldə etməməli, açıq səyyar vergi yoxlaması və təqdim edilməmiş bəyannaməsi olmamalı, bəyan edilmiş əmək haqqı məbləği orta aylıq əmək haqqı məbləğindən aşağı olmamalı və bəyannamələr üzrə vergi yaradan risklər olmamalıdır.

Digər vergiödəyiciləri üzrə artıq ödənilmiş vergilərin qaytarılması müvafiq qaydalarda nəzərdə tutulmuş müddətlər ərzində həyata keçirilir.

Qeyd olunub ki, vergiödəyicilərinin məmnunluğunun artırılması məqsədilə 2021-ci ildən artıq ödənilmiş vəsaitlərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” istifadəyə verilib. Vergiödəyiciləri bu lövhə vasitəsilə müraciətlərinin hər mərhələsini izləyə, onun geri qaytarılması ilə bağlı prosesə şəxsən nəzarət edə bilirlər. “Vahid elektron lövhə”də olan məlumatlar sistem vasitəsilə onlayn rejimdə yenilənir.

Vergiödəyiciləri tərəfindən artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatların Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində onlayn izlənilməsi mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir