Prezident İlham Əliyev Aydın Kərimovu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edib.
Prezident İlham Əliyev vəzifəyə təyin olunması ilə bağlı A.Kərimovu qəbul etdi və onun qarşısında mühüm tapşırıqlar qoydu.
Dövlət başçısı düşmənin Şuşanı talan etdiyini, dağıtdığını diqqətə çatdırdı və Şuşanın bərpa etidilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini vurğuladı. Şuşa Azərbaycanın tarixi şəhəri və mədəniyyət beşiyi sayılır. Azərbaycan üçün Şuşanın mənəvi əhəmiyyəti olduqca böyükdür. Prezident İlham Əliyevin “Şuşasız bizim qələbəmiz yarımçıq qalar” ifadəsi də bu şəhərin bizim üçün nə qədər əhəmiyyət daşıdığını göstərir.
Dövlət başçısı A.Kərimovu qəbul edərkən Şuşanın tezliklə bərpa olunacağını diqqətə çatdırdı:
“Təbii ki, düşmən Şuşanı talan edib, viran qoyub, dağıdıb. Şuşada olarkən, bu acı mənzərəni seyr edərkən adamın ürəyi ağrıyır. Amma biz bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. Bildiyiniz kimi, Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün mənim Sərəncamımla yol çəkilir. Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir.
Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır”.
Dövlət başçısı həmçinin Şuşanın infrastrukturundan söz açıb və bildirib ki, şəhər infrastrukturu tamamilə yenilənəcək:
“İnfrastruktur layihələrinə gəldikdə, Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir. Düşmən orada bir daşı daş üstə qoymayıb, bir bina tikməyib. Özləri üçün bir neçə villa tikdirib. Villanın biri o xunta başçısına, biri isə deyilənə görə, Ermənistan rəhbərliyində təmsil olunan zəngin, rüşvətxor məmura məxsusdur. Mənfur düşmən 28 il ərzində orada ondan başqa bir dənə də bina tikməyib.
Yollar bərbad, binalar dağılmış, hər tərəf xozanlıq, zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar. Bir daşı daş üstə qoymayıblar, ancaq istismar ediblər. Bundan sonra gəlib deyirlər ki, Şuşa erməni şəhəridir, onun adını da dəyişdirməyə cəhd ediblər. Ona görə infrastruktur layihələrinin icrası, əlbəttə ki, birinci məsələdir. Bununla paralel olaraq şəhərsalma işləri düzgün aparılmalıdır. Siz bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləmisiniz, təcrübəniz var və əminəm ki, bu işlərə rəhbərlik edəcəksiniz”.
Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev isə INFONEWS-a bildirib ki, Şuşa şəhərinin bünövrəsini Azərbaycanın görkəmli Qarabağ xanı Pənahəli xan qoyub:
“Şuşa şəhərində daim azərbaycanlılar yaşayıb və təsadüfi deyil ki, Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Artıq bütün dünya bilir ki, Şuşa Azərbaycan şəhəridir. Mən 12 yaşıma qədər Şuşada yaşayan bir şəxs kimi deyə bilərəm ki, Şuşada həmişə azərbaycanlılar çox gözəl, xoşbəxt yaşayıblar. Bizim mütəfəkkirlərimiz, tanınmış bəstəkarlarımız Şuşa şəhərində yaşayıblar. Görkəmli dövlət xadimi, Azərbaycan ədəbiyyatının şöhrətli nümayəndələrindən biri Əhməd bəy Ağaoğlu kimi insanlarımız bizi çağdaş Avropa mədəniyyəti ilə tanış edib, fransız milli məktəbini açmasl ilə Şuşaya Avropa mədəniyyətinin nümunələrini gətirib. Bütün bunlar hamısı tarixi və mədəni faktlardır. Bunu heç kim təkzib edə bilməz, buna qarşı hər hansı bir arqument qoyula bilməz. Biz yenidn öz doğma Şuşamıza qayıdıb yaçayacağıq, Şuşanı daha da gözəlləşdirəcəyik”.