Ötən il narkotiklə əlaqəli cinayət törədən şəxslərin sayı açıqlanıb

Keçən il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən 8 587 şəxs müəyyən edilib.

İNFONEWS” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, həmin şəxslərdən 34,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunanlar təşkil edib. Cinayət törətmiş şəxslərin 98,9 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib. Cinayət törədən şəxslərin 72,8 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,0 faizi 18-24 yaşlı, 16,7 faizi 25-29 yaşlı gənclər, 76,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Ötən il ölkədə qeydə alınan 36 494 cinayət hadisəsinin 10 665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin 62,8 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 32,4 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,9 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizini isə digər cinayətlər təşkil edib.

Bununla yanaşı, hesabat dövründə sözügedən məsələ ilə bağlı inzibati xəta törədən 2017 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da əvvəlki ilin göstəricisindən 29,8 faiz çoxdur. Həmin müddətdə müsadirə edilərək qanunsuz dövriyyədən çıxarılmış 5034,5 kiloqram narkotik maddələrin 2250,3 kiloqramını heroin, 2134,2 kiloqramını marixuana, 434,6 kiloqramını tiryək, 38,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,4 kiloqramını kokain, 176,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir