Ucarda avtomobil su arxına aşıb: Yeddi nəfər xəsarət alıb
Ucarda baş verən avtomobil qəzasında xəsarət alanların adları məlum olub.
“İNFONEWS” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” və “Hyundai” markalı minik maşınlarının toqquşması nəticəsində “Hyundai” yoldan çıxaraq su arxına aşıb. Nəticədə 7 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
“Mercedes”də olan 4 nəfər Kəlbəcər rayon sakinləri 1964-cü il təvəllüdlü Zerif Tanrıverdi oğlu Kazımov, 1959-cu il təvəllüdlü Talıb Nəriman oğlu Ağalarov, 1965-ci il təvəllüdlü Lətafət Pənah qızı Səfərova və 1967-ci il təvəllüdlü Zöhrə Fərman qızı Ağalarovadır. “Hyundai”da olan, adları açıqlanmayan 25-30 yaşlarında 3 xanım isə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.