“Günəşə qovuşmaq istəyirəm mən!”
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Günəşə qovuşmaq istəyirəm mən!” adlı konsert proqramı keçirilib.
“İNFONEWS” xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, sənət adamları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konsert proqramının adı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Elegiya” adlı şeirinin “Günəşə qovuşmaq istəyirəm mən!” misrasından götürülüb.
Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şagirdlərin rəsm əsərlərindən, əl işlərindən ibarət sərgi nümayiş olunub. Sərgidə uşaqların Vətən və yurd sevgisini özündə əks etdirən yaradıcılıq nümunələri təqdim edilib.
Regional İdarənin tabeliyində fəaliyyət göstərən Füzuli və Kürdəmir rayon Uşaq İncəsənət Məktəblərinin şagirdlərindən ibarət ansambl, xor kollektivlərinin çıxışları, şagirdlərin ifasında səslənən bəstəkar və xalq mahnıları, rəqslər, xarici ölkələrin musiqi nümunələri alqışlarla qarşılanıb.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı bildirib ki, konsert ilin böyük uşaq tədbirlərindən olmaqla uşaq və yeniyetmələrdə Azərbaycan, Vətən, yurd, Qarabağ mövzularında məhəbbət, ümummilli lider Heydər Əliyev şəxsiyyətinə sevgi aşılamaqla gənc nəslin musiqi və incəsənət sahəsində inkişafının dəstəklənməsinə istiqamətlənib.
Ulu öndər Heydər Əliyevin əbədiyaşar Müstəqil Azərbaycan sevgisindən, mədəniyyət və incəsənətimizə, uşaqlara məhəbbətindən yoğurulmuş əsərlərlə uşaq ifaçılığının nümunələrini səsləndirən şagirdlər Azərbaycan musiqisinin xoş gələcəyinin müjdəçiləri olaraq səhnədə şən əhval-ruhiyyə nümayiş etdiriblər.
Məcburi köçkün ailələrində doğulmuş iştirakçılar növbəti tədbirlərin doğma yurdlarında keçiriləcəyi inamı ilə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını və sevgilərini musiqi ilə ifadə ediblər.