Azərbaycan gənclərinin Türkiyədə zəlzələ bölgəsindəki könüllü fəaliyyətinin yekunlaşmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
“İNFONEWS” xəbər verir ki, konfransda Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev və Türkiyədə fəaliyyət göstərmiş könüllülərin bir qrupu iştirak edib.
Vüqar Əliyev qeyd edib ki, Azərbaycan könüllülərinin Türkiyədəki fəaliyyəti bir ay davam edib:
“Onminlərlə zərərçəkmiş şəxsə yüzlərlə azərbaycanlı gənc öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetirib. Prezident İlham Əliyevin çağırışına dərhal qoşulan gənclər, ölkə başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını öz devizinə çevirərək, qardaş ölkədə zəlzələ qurbanlarına dəstək olmaq üçün canla-başla xidmət ediblər. Könüllülərimiz zəlzələnin ilk günlərində zərərçəkənlərə harada dəstəyə ehtiyac varsa, ora dərhal yardım üçün tələsib. Həm çadırlar quraşdırıb, həmin düşərgələrdə yerli sakinlərə xidmət edib, həm də ucqar kəndlərdə zərərçəkənlərə zəruri humanitar xidmətlər göstərib. Çörəkbişirmə məntəqəsindən uşaq-əyləncə çadırına, yaralılar üçün ilkin tibbi xidmətdən uşaqlar üçün psixoloji dəstək xidmətinə, isti qidalardan isti geyimlərə qədər hər bir anda könüllülərimiz onminlərlə yardıma ehtiyac duyan qardaş və bacılarının qayğısına qalıb, onlara yorulmadan xidmət göstərib”.
O bildirib ki, könüllülər koordinasiyalı şəkildə fəaliyyət göstərərək təkcə zəlzələnin episentri Kahramanmaraşda yox, eləcə də Hatay, Adıyaman və Malatya kimi bölgələrə də gedib, oradakı zəlzələ qurbanları üçün də bu nəcib humanitar missiyanı yerinə yetiriblər:
“Azərbaycan gənclərinin bu dəstəyini həm yerli sakinlər, həm də qardaş ölkənin rəsmi şəxsləri çox yüksək qiymətləndirib. Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan könüllülərimiz ilə şəxsən görüşüb, Azərbaycan dövlətinə və xalqına təşəkkür edib”.
Baş katib vurğulayıb ki, zəlzələdən sonra orada fəaliyyət göstərən yeganə könüllü heyət Azərbaycan könüllüləri olub:
“Eyni zamanda bu fəaliyyət Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb”.
Daha sonra könüllülər fəaliyyətləri barədə ətraflı məlumat veriblər.
Onlar fəaliyyətləri ilə Türkiyəyə yardım edə bildiklərinə görə qürur duyduqlarını qeyd ediblər.