Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına maraq göstərirlər
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına və bu sektora investisiya qoyuluşuna böyük maraq göstərirlər.
Bu sözləri yanvarın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, İctimai Şuranın təşkilatçılığı və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forumda qurumun idarə heyətinin sədri Orxan Məmmədov deyib.
O.Məmmədov qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi biznes üçün də yeni imkanlar açıb: “İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan indiyədək KOBİA-ya çoxsaylı müraciətlər daxil olub. Bu müraciətlər əsasən istehsal, turizm, tekstil, tikinti, tibb fəaliyyət, eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə edir. KOBİA tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqəndirmə və məsləhət xidmətləri göstərilir”.
KOBİA-nın sədri, həmçinin pandemiyanın ictimai iaşə sektoruna da təsirsiz ötüşmədiyini, hökumət tərəfindən müxtəlif dəstək mexanizmləri vasitəsilə biznesin qorunması istiqamətində aktiv tədbirlərin hazırda da davam etdirildiyini vurğulayıb. Postmüharibə dövründə və postpandemiya ərəfəsində sahibkarların və dövlət qurumlarının iştirakı ilə keçirilən bu forum aktual müzakirələr üçün və dövlət-biznes dialoqu üçün əhəmiyyətli platformadır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev çıxışında pandemiya dövründə qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, COVID-19-la mübarizə tədbirləri çərçivəsində əhali və sahibkarlar arasında geniş maarifləndirmə işlərinin aparıldığını, ictimai iaşə, turizm, qida məhsullarının ticarəti ilə məşğul olan və digər sahibkarlıq subyektlərində monitorinqlərin keçirildiyini bildirib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə AQTA-nın işğaldan azad edilmiş ərazilər üzrə fəaliyyətinə dair konsepsiya sənədinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini qeyd edən B.Quliyev işğaldan azad olunan rayonların dirçəldilməsində sahibkarların üzərinə də məsuliyyətli vəzifənin düşdüyünü, bu vəzifələrin icrası zamanı qarşıya çıxan məsələlərin həlli üçün sahibkarları agentliklə də aktiv əməkdaşlığa dəvət edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov təşkilatın 2020-ci ildə pandemiyanın sahibkarlığın inkişafına təsirini azaltmaq üçün sahibkarların yanında olduğunu, onlardan daxil olan çoxsaylı müraciətləri və təklifləri dövlət qurumlarına təqdim etdiklərini, biznes subyektləri və dövlət orqanlarının iştirakı ilə müzakirələrin aparıldığını qeyd edib.
Azərbaycan Qida və İçki Sənayəçiləri Assosiasiyasının sədri Emin Dostiyari pandemiya dövründə qida sənayesi və ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər barədə məlumat verib, bu sektorda yeni iş yerlərinin açılması və iqtisadiyyatın canlanması üçün səyyar satış imkanlarına, dövlət dəstəyi ilə onlayn satış və çatdırma platformasının yaradılmasına və sair barədə assosiasiya üzvlərinin təkliflərini diqqətə çatdırıb.
“Forum qida sənayesi və ictimai iaşə sektorunda fəaliyyət göstərən KOB subyektlərinin pandemiya dövründə qarşılaşdıqları çətinliklərin və postpandemiya dövründə gözləntilərinin dövlət-biznes dialoqu çərçivəsində müzakirə edilməsi, təkliflərin öyrənilərək aidiyyəti qurumlara çatdırılması məqsədilə təşkil olunub. Tədbir agentlik yanında İctimai Şura tərəfindən təşkil olunan sayca 9-cu forumdur və 2021-ci il ərzində də əsasən pandemiyadan ziyan çəkmiş sektorlar olmaqla, iqtisadiyyatın müxtəlif sahələri üzrə ictimai müzakirələrin və digər tədbirlərin təşkili davam etdiriləcək”, – deyə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov bildirib.
Onlayn forumda, həmçinin qida biznesi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin problemləri müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, karantin rejimi ilə əlaqədar onlayn formatda təşkil olunmuş foruma İqtisadiyyat Nazirliyi və onun struktur bölmələri, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi və Dövlət Turizm agentliklərinin nümayəndələri, qida və ictimai iaşə sektorunda çalışan sahibkarlıq subyektləri (qida və kənd təsərrüfatı məhsullarının istehsalçıları, qida idxalçıları və ixracatçıları, market, restoran, kafe, otel və digər iaşə obyektləri) və biznes assosiasiyaları qatılıb.