MDU-da 31 Mart – Azərbaycanlıların Soyıqırmı Gününə həsr olunmuş dəyirmi masa keçirilib
İyirminci əsrin əvvəllərində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım faciəsi unudulmamalıdır
2023-cü il martın 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyıqırmı Gününə həsr olunmuş “XX əsrin əvvəllərində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım faciəsi unudulmamalıdır” mövzusunda dəyirmi masa keçirilib.
“İNFONEWS” -a MDU-dan verilən məlumatına görə, universitetin Təhsil fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlarının iştirakı ilə keçirilən tədbirdə, əvvəlcə, soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masaya moderatorluq edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova bildirib ki, tədbir soyqırımı həqiqətləri barədə gənclərin maarifləndirilməsi məqsədi daşıyır. Ötən əsrin əvvəllərində mənfur ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı hadisələrinin tarixinə diqqəti çəkən E.Cəfərova dəyirmi masada qanlı faciə ilə bağlı müzakirə ediləcək mövzuları nəzərə çatdırıb.
Sonra çıxış və müzakirələrlə davam edən tədbirdə ermənilərin türk-müsəlman əhaliyə qarşı düşmənçilik siyasətinin tarixi kökləri, mart soyqırımının səbəbləri, ölkəmizin müxtəlif bölgələrində törədilmiş kütləvi qətliamların faciəvi nəticələri, milli qırğına siyasi və hüquqi qiymətin verilməsi məsələləri barədə danışılıb və soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gənc nəslin üzərinə düşən vəzifələrdən bəhs edilib.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə mühüm əhəmiyyət verilir.