“Bu nazirlik qanunlara saymazlığı davam etdirir…” – Millət vəkili ƏƏSMN-ni “topa tutdu”

“Bu nazirlik qanunlara saymazlığı davam etdirir…” – Millət vəkili ƏƏSMN-ni “topa tutdu”

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) qanunları saymazlığı davam etdirir”.

İNFONEWS xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, “İnformasiya, informasiyalaşdırma, informasiyanın mühafizəsi haqqında” Qanunda kibertəhlükəsizlik provayderi sistemi anlayışı dəyişdirilir. “Biz nə qədər mütərəqqi qanunlar qəbul etsək də, qanunlara məhəl qoymayan qurumlar var. Qanuna görə kibertəhlükəsizlik xidməti provayderinin işçi heyəti, texnoloji resursları və proseslərinə dair tələblər Nazirlər Kabineti tərəfindən müəyyən olunur”, – millət vəkili xatırladıb.

Onun sözlərinə görə, Prezident fərmanına əsasən, optimallaşma, təhlükəsizlik və səmərəlilik baxımından ölkədə “Hökumət Buludu” formalaşdırılıb və dövlət qurumlarına tapşırılıb ki, paralel strukturlar yaratmaq yolverilməzdir: “Məlumdur ki, ölkədə dövlət qurumlarının informasiya təhlükəsizliyi, e-poçt xidmətlərinin təşkili Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, dövlətə məxsus yeni məlumat bazalarının saxlanılması isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AzİnTelecom” qurumunun səlahiyyətindədir. Məxsusi olaraq, dövlət qurumlarının e-poçt sistemlərinin təhlükəsizliyi ilə bağlı Prezidentin 19 iyun 2012-ci il tarixli fərmanı da var. Məlumdur ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bütün dövlət qurumlarına təhlükəsizlik sınaqlarından keçmiş e-poçt xidmətləri təqdim edir. Hətta bu qurum ötən ay “Dövlət qurumlarının İT zirvə toplantısı”nda açıqlamışdı ki, may ayından etibarən Azərbaycanın bütün dövlət qurumları yeni poçt sisteminə köçürüləcək. Yəni, bütün bunlar məxfi informasiyalar deyil, bu haqda açıq sistemlərdə də məlumatlar var”.

E.Əliyev onu da xatırladıb ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizilyi Dövlət Xidmətinin, ödənişli olan bəzi İT xidmətlərinin taariflərini ötən il Tarif Şurası təsdiqləmişdi. “Eyni zamanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhlükəsizlik baxımından sınaqlardan keçən antivirus proqramlarını də dövlət qurumlarına təqdim edir”, – o əlavə edib.

Millət vəkili vurğulayıb ki, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yenidən saymazlıq edərək, məxsusi elektron poçt sistemi qurulması, məxsusi serverlər yaratması və özəl antivirus proqramları alması ilə bağlı tender elanı vermişdi: “Ona görə bunu saymazlıq adlandırmaq olar ki, bu hərəkət açıq-aşkar qanunlara hörmətsizlikdir, başqa dövlət qurumlarının səlahiyyətlərinə daxil olan, həm də birbaşa təhlükəsizliklə bağlı məsələlərdir. Məlum oldu ki, nazirlik belə bir tenderi reallaşdırıb və “B2B Group” şirkəti ilə təxminən 1.2 milyon manat məbləğində müqavilə imzalanıb. Məsələnin maraqlı tərəfi ildə az qala yüzlərlə tender qalibi olan “B2B Group” deyil, belə bir tenderin mahiyyətcə həm qanunvericiliyə, Prezident fərmanlarına və ümumiyyətlə məntiqə zidd olmasıdır.

Ən maraqlısı və qəribəsi odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin tenderlə informasiya təhlükəsizliyini qorumaq üçün aldığı XDR lisenziyaları, təhlükəsizliyə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təqdim etdiyi resurslar siyahısında deyil, yəni, bu qurumun sınaqlarından keçməyib. Buna baxmayaraq, görünür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz daxilində yeni bir e-poçt serveri formalaşdırır”.

E.Əliyevin sözlərinə görə, maraqlı məqam həm də odur ki, bütün bunlar açıq-aşkar, iki dövlət qurumunun səlahiyyətlərini mənimsəməklə, təhlükəsizliyə cavabdeh dövlət qurumunun rəy vermədiyi təhlükəsizlik sistemlərindən istifadə etməklə, Prezidentin müvafiq fərmanlarını pozmaqla Antiinhisar Dövlət Xidmətinin razılığı ilə edilir. “Diqqət çəkən məqam həm də odur ki, adı çəkilən nazirliyin açıq-aşkar qanun pozuntusu və səlahiyyətlərin mənimsənilməsi ilə reallaşan bu “Özəl təhlükəsizlik sistemi, özəl e-poçt sistemi və özəl data mərkəzləri” haqqında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hələ də susurlar”, millət vəkili vurğulayıb.

Deputat sonda qeyd edib ki, çıxışında səsləndirdiyi informasiyaların mənbəyi Azərbaycan İnternet Forumunun prezidenti, İT mütəxəssisi Osman Gündüzün bu sahədə araşdırmalarıdır.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir