Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

“İNFONEWS” – un İdarədən əldə etdiyi məlumatına görə, BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsildə tətbiq olunan optimallaşmanın davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər barədə danışıb. Mehriban Vəliyeva BŞTİ-də optimallaşdırma istiqamətində görülən tədbirlər çərçivəsində struktur dəyişikliyi aparıldığını, dəyişikliyin əsas məqsədinin idarənin fəaliyyətində səmərəliliyin artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqinin təmin edilməsindən ibarət olduğunu xatırladıb.

Qarşıya qoyulmuş vəzifələrin icrası vəziyyətindən bəhs edən idarə müdiri ümumi təhsil məktəblərində idarəetmənin, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu məktəb direktorlarının diqqətinə çatdırıb, müvafiq tapşırıqlar verib.

Mehriban Vəliyeva direktorlara fəaliyyətdə nəticəyönümlülüyü əsas götüməyi tövsiyə edib, tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Çıxış edən BŞTİ-nin müdir müavini Anar Məmmədov kadr təminatı, işə qəbul, məktəbdə idarəetmənin təkmilləşdirilməsi və kommunikasiya mövzularında fikirlərini bildirib.

BŞTİ-nin Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektorunun müdiri Kamran Əliyev Hüquqi məsələlərin tənzimlənməsi, sənəd dövriyyəsi və vətəndaş məmnunluğunun təmin olunması, Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev tədris prosesinin idarə olunması, pedaqoji sənədlərin işlənilməsi, təmayülləşmə, milli və beynəlxalq qiymətləndirmə, layihələr, davamiyyət, şagird davranış qaydaları, olimpiada və müsabiqələr, Təminat, təchizat və təssərrüfat sektorunun müdiri Səccət Mahmudov məktəblərin təmiri, təhlükəsizlik, istilik və digər məsələlərə toxunublar.

Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov şagird-məzun sistemi, elektron yerdəyişmə və məktəbə qəbul, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə monitorinqlər, buraxılış imtahanlarının təhlilləri və reytinqlər, sorğuların təşkili və emalı, məktəb hesabatları, xüsusi halların idarə olunması və araşdırılması kimi məsələlərlə bağlı tövsiyələrini səsləndiriblər.

Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov informasiya mübadiləsinin səmərəliliyinin artırılması, sosial şəbəkələrlə iş, məktəb saytlarına nəzarət, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər məsələlərlə bağlı qarşıda duran vəzifələr, Maliyyə-mühasibatlıq sektorunun müdiri Elmira Mehdiyeva isə maliyyə tənzimlənməsi barədə danışıb.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Altun Rəcəbli görüşdə müzakirə olunan məsələlərin ümumi təhsil məktəblərinin fəaliyyətinə təsiri baxımından əhəmiyyətli olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir