Sərhəddə təxribat törədən azı 3 erməni hərbçi məhv edilib, xüsusi ordu korpusunun komandiri ağır yaralanıb
Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində azı 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var.
İNFONEWS “Hraparak”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.
Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi ordu korpusunun komandiri Armen Gözəlyandır.
Onun vəziyyəti ağırdır. A.Gözəlyan Gorusda yerləşən tibb mərkəzində cərrahiyyə əməliyyatı olunub.
Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır