AQTİ ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elm, təhsil və tədqiqat üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, institutun İdarə Heyətinin sədri Sadiq Məmmədov və universitetin rektoru Mustafa Babanlının imzaladığı memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan pedaqoji, elmi-tədqiqat işlərinin və müştərək layihələrin həyata keçirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması məsələləri öz əksini tapıb.
Anlaşma memorandumuna əsasən, AQTİ və ADNSU arasında laboratoriyalararası qarşılıqlı sınaqların aparılması və laboratoriya idarəetmə standartları üzrə birgə təlimlərin təşkili həyata keçiriləcək. Həmçinin tərəflər arasında imzalanan memoranduma əsasən, tələbə və mütəxəssislərdə mikrobiologiya, kimya, toksikologiya və digər müvafiq sahələrə marağın yaradılması və beynəlxalq standartlara cavab verən laboratoriyalarda işləmək bacarıqlarının təkmilləşdirilməsi məqsədilə institutun fəaliyyətinin tanıdılması istiqamətində işlər görüləcək. Əməkdaşlıq çərçivəsində ADNSU-nun bakalavr, magistr və doktorantura tələbələri AQTİ-nin elmi-tədqiqat işləri, təcrübə və könüllülük proqramlarına cəlb olunacaq.