Doqquz yüz il tarixi olan “sadə” mərasim

Doqquz yüz il tarixi olan “sadə” mərasim

Böyük Britaniyanın 39-cu Kralı III Çarlzın Vestminster abbatlığında olacaq tacqoyma mərasimi yeni monarxın daha sadə monarxiya baxışını əks etdirən ənənələrin və müasirliyin unikal vəhdəti olacaq.

“Ancient Origins” yazır ki, Kral II Çarlzın tacqoyma mərasiminin zəngin tarixi ənənələri var. Doqquz yüz ildən artıq tarixi olan bu qədim ayin Avropada qorunub saxlanılan yeganə dini mərasimdir. Sevimli Kraliça II Elizabetin təxminən 9 ay davam edən matəminin ardından bu mərasim mayın 6-da baş tutacaq.

Qeyd edək ki, dünyanın 129 ölkəsindən 8251 qonağın iştirak etdiyi və Vestminster abbatlığının beş ay bağlanmasına səbəb olan Kraliça II Elizabetin tacqoyma mərasimindən fərqli olaraq, Kral III Çarlzın tacqoyma mərasimi daha intim hadisə olacaq. Bu tədbirdə cəmi 2 min qonaq iştirak edəcək ki, bu da yeni Kralın daha kompakt və müasir monarxiya mövqeyini əks etdirəcək. Mərasim, həmçinin daha ucuz başa gələcək və qısa olacaq.

“İNFONEWS” xarici KİV-lərə istinadla xəbər verir ki, tədbirə müxtəlif ictimai qruplar və dini təriqətlər dəvət olunub.

Mərasim monarxın qanunlara uyğun hökmranlıq edəcəyi, şəfqət və ədaləti təmin edəcəyi, ingilis kilsəsini dəstəkləyəcəyi vədlərinin rəmzi olacaq tacqoyma andı ilə başlayacaq. Tacqoyma reqaliyasında yerləşən və “Tacın ləl-cavahiratı” kimi tanınan dörd qılınc bu vədləri təmsil edir. Sonra Kenterberi arxiyepiskopu monarxa xeyir-dua verəcək, dini ayinləri yerinə yetirəcək. III Çarlz 1300-cü ildə hazırlanmış və 1626-cı ildən bəri hər bir kralın istifadə etdiyi Kral Edvardın kürsüsündə əyləşəcək.

Kral III Çarlza İngiltərə-Britaniya tacqoyma reqaliyalarının əsas elementi olan kürə təqdim ediləcək. Bu əşya 1661-ci ildə II Çarlzın tacqoyma mərasimi üçün zərgər Robert Vİner tərəfindən hazırlanıb və monarxın hakimiyyət və nüfuzunun rəmzidir. Reqaliyaların daha bir mühüm əşyası olan əsa isə ədalətli idarəçiliyi təcəssüm etdirir və kral və ya kraliçanın müvəqqəti hakimiyyətinin rəmzidir.

Kürə və əsanın təqdim edilməsindən sonra arxiyepiskop III Çarlzın başına üzərində 444 qiymətli daş-qaş olan Müqəddəs Edvardın tacını qoyacaq. Bu, çox mühüm məqamdır, belə ki, Britaniya ictimaiyyətinə mərasimdə fəal iştirak etmək və Krala sədaqət andı içmək təklif ediləcək. Eyni zamanda, bu hissə irsi perlərin yeni monarxa sədaqət andı içdiyi ənənəvi mərasimi əvəz edəcək.

Müqəddəs Birliyin bayram edilməsini də ehtiva edən kilsə ayini qaydaları arxiyepiskop tərəfindən yerinə yetiriləcək. Tacqoyma əzəmət və bayram təzahürü olmaqla yanaşı, həm də min ildən artıq müddətdə dəyişməz qalan təntənəli dini mərasimdir.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir