Türkiyə Prezidenti: “28 may yaxşı fürsətdir”
“28 may yaxşı fürsətdir”.
İNFONEWS xəbər verir ki, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib.
O, bütün vətəndaşları mayın 28-də səsverməyə çağırıb: “Müxalifət siyasətə xalqa xidmət vasitəsi kimi deyil, şəxsi mənfəətləri prizmasından baxır. Biz dövlətimizin və millətimizin imkanlarını səfərbər edərək sizin rifahınızın daha da yaxşılaşdırılmasında maraqlı və qətiyyətliyik”.
R.T.Ərdoğan söyləyib ki, mayın 28-dən sonra da xalqa xidməti davam etdirəcəklər: “Buna inanıram”.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır