SALFET SATAN QIZCIĞAZ – Nihat İSKƏNDƏRLİ
“İNFONEWS” təqdim edir:
Gördüm ki, uzaqdan bir balaca qız,
Oturub şəhərin soyuq daşında.
Keçəndə yanından kövrəldim biraz,
Salfetka satırdı bu az yaşında.
Dayandım, soruşdum: – Soyuq deyilmi?
“Üşümürəm”, – dedi, titrək səsiylə.
Mən axı bu sözə necə inanım?
Əlin qızdırırdı öz nəfəsiylə.
Dedim: – Sən məktəbə gedirsənmi heç?
“Üç ildir sinifdə qalmışam”, – dedi.
Neynirəm məktəbi, təhsili axı…
Həyatdan dərsimi almışam”, – dedi.
Dedim:- Yoxdur atan, ya anan sənin?
Dedi: – Atam mənə göylərdən baxır,
Anam da xəstədir, işləyə bilmir.
Dərdlərim özümdən ağırdır, ağır.
Dedim: – Nədir arzun, istəyin sənin?
Dedi:- İstəyirəm anam sağalsın,
Özgənin aldığı salfetkalardan
Kaş gəlib anam da birini alsın.
Dedim:- Söylə başqa arzunu mənə.
Dedi: – İstəyirəm görüm atamı,
Bir salfetka alsın, sevinim mən də,
Çıxım qucağına öpüm atamı.
Gördüm çox üşüyür, bildirmir mənə
Səhər açılandan satırmış demə.
O qızın satdığı hər salfetkada
Arzusu, istəyi yatırmış demə…
Nihat İSKƏNDƏRLİ