Vüqar Bayramov: “Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaq?”

Vüqar Bayramov: “Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaq?”

Türkiyə lirəsinin son 1 ayda 16 faizdən çox dəyər itirməsi qardaş ölkədə istehsal edilən məhsulların ixrac qiymətlərinə də təsirsiz ötüşmür. Belə ki, dollara nisbətən ucuzlaşan lirə digər əksər valyutalara rəğmən də dəyərsizləşir.

“İNFONEWS” xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, lirənin ucuzlaşması elektron satış şəbəkələri üzərindən sifarişlərin həcminə təsir göstərməkdədir. Belə ki, hələlik həmin şəbəkələrdə Türkiyə məhsullarının lirə ifadəsində qiymətlərində kəskin dəyişiklik olmadığından belə sifarişlər səmərəli hesab olunur. Manat ifadəsində hazırda daha ucuz qiymətə Türkiyə məhsullarını elektron satış şəbəkələri vasitəsi ilə sifariş etmək mümkündür. Bununla belə, lirənin dollara nisbətən ucuzlaşması fonunda Türkiyədə inflyasiya da müşahidə olunur.

Bu ilin 4 ayının yekunlarına əsasən, Türkiyədə inflyasiya səviyyəsi 45 faizdən çox olub. İnflyasiyaya qarşı sərt tədbirlər görülsə belə, hələlik istehlak qiymətləri yüksək olaraq qalmaqdadır. Ona görə də indiki halda lirənin ucuzlaşması Azərbaycanın istehlak bazarına ciddi və davamlı təsir etmir. Bu isə o deməkdir ki, hazırda istehlak bazarında qardaş ölkədə istehsal olunan məhsulların ucuzlaşması müşahidə olunmasa da, elektron satış şəbəkələr vasitəsi ilə mal sifarişlərində manat ifadəsində qiymətlər aşağı düşüb. Bu isə belə sifarişləri daha da cəlbedici edib”, – deyə ekspert vurğulayıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Türkiyədən 2 milyard 297 milyon dollarlıq məhsul idxal edib. Türkiyəyə ixracatımız isə 3 milyard 544 milyon dollara çatıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir