Peskov: “Priqojina qarşı cinayət işinə xitam veriləcək”

Peskov: “Priqojina qarşı cinayət işinə xitam veriləcək”

“Priqojina qarşı cinayət işinə xitam veriləcək, o, Belarusa gedəcək”.

İNFONEWS-un məlumatına görə, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, “Vaqner” döyüşçüləri cinayət məsuliyyətinə cəlb edilməyəcək.

Mətbuat katibi qeyd edib ki, vəziyyət itkisiz həll olunub.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir