Azərbaycan və Qazaxıstan rəqəmsal hökumətlə bağlı təcrübə mübadiləsi aparıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti Qazaxıstanda keçirilən “StrategEast Dövlət və İT Avrasiya Forumu”nda (The StrategEast State and IT Eurasian Forum) iştirak edib.
“İNFONEWS” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 7-8-də Almatı şəhərində baş tutmuş tədbirin keçirilməsində məqsəd Avrasiya dövlətlərinin İT sənayesi liderləri və dövlət nümayəndələrinin bir araya toplaşdığı məhsuldar dialoqun təşkil olunmasıdır.
Forumda 70-dən çox spiker, ümumilikdə 200-dən çox iştirakçı yer alıb. Forum müddətində iştirakçılar Avrasiya ölkələrində İT sektoru üçün yaradılan imkanlar, bu sahədə hər bir ölkənin qeydə alınmış təcrübələri, hökumətlərlə İT sektoru arasında icra olunan əlaqələr barədə bilik mübadiləsi aparıblar. Tədbirdə ABŞ-dan olan dövlət nümayəndələri də qonaq qismində öz təcrübələrini bölüşüblər.
Forumun ikinci günündə “İctimai xidmətin rəqəmsallaşdırılması və e-hökumət” adlı panel sessiyasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov Azərbaycanın bu sahədə istifadə etdiyi təcrübə, rəqəmsal inkişaf siyasəti və İRİA-nın rəqəmsallaşma istiqamətində gördüyü işlər və qeydə alınan aparıcı nəticələri barədə məlumatları bölüşüb. O, ümumilikdə Avrasiya ölkələrində e-hökumət layihələrinə dəstəyin, bu xidmətlərin dövlətlərin mülki (sosial) və biznes həyatındakı rolu barədə danışıb.
Səfər çərçivəsində dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının prioritet istiqamətləri üzrə təcrübə mübadiləsi çərçivəsində bir sıra görüşlər keçirilib. Azərbaycan nümayəndə heyəti ilə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye nazirinin birinci müavini Kanış Tuleyuşin və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Yerbol Ospanovun rəhbərlik etdikləri heyət arasında müzakirələr aparılıb. Müzakirələr çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılmaqla hökumət xidmətlərinin rəqəmsallaşdırılmasında texniki həllərin tətbiqi və rəqəmsallaşma istiqamətində qanunverici hüquqi bazanın dəyişdirilməsi müzakirə edilib.