İslandiyanın cənub-qərb yarımadası onilliklər boyu davam edə biləcək vulkanik qeyri-sabitliklə qarşı-qarşıya qalıb.
“İNFONEWS” –un məlumatına görə ölkənin Qrindavik şəhəri altında 800 metr dərinlikdə maqmanın toplanması qeydə alınıb və şəhərin qərb hissəsi çökməyə başlayıb.
İslandiyanın kiçik balıqçı şəhəri olan Qrindavik ardıcıl zəlzələlər və yaxınlaşan vulkan püskürməsi qorxusu səbəbindən boşaldılıb.
800 illik sükutdan sonra Reykjanes yarımadasındakı vulkanlar 2021-ci ildə yenidən aktivləşib. O vaxtdan bəri zəlzələlərin və maqma sızmalarının sayı dayanmadan artır.
Mütəxəssislər bunun yeni “bum dövrü”nə işarə ola biləcəyindən ehtiyat edirlər. Bu qeyri-sabitliyin on illərlə davam edə biləcəyi və Qrindavik sakinlərinin illərlə evlərinə qayıda bilməyəcəkləri ehtimallar arasındadır.
İndiyə qədər aparılan araşdırmalar maqma axınının davam etdiyini və 15 kilometr boyunca süxurların qırıldığını göstərir. Qrindavik şəhərinin altından sanki yük qatarı keçibmiş kimi görüntülər yaranıb.
Yollar çatlayıb, evlərə ziyan dəyib və zəlzələlər də təkrarlanmağa davam edir. Vəziyyətin ciddiliyi nəzərə alınaraq şəhər təcili şəkildə təxliyə edilib. Rəsmilər şəhərin çökməyə davam edəcəyini vurğulayır və bunun yollara, binalara ziyan vuracağını bildirirlər.
Qrindavikin qərb hissəsi bir həftə ərzində artıq bir metrdən çox çöküb və hər gün dörd santimetr ölçüdə batmağa davam edir.
Bu görüntülər günlər və ya həftələr ərzində partlayış olacağı ilə bağlı narahatlıqlara səbəb olub. Əgər bu partlayış baş verərsə, infrastruktur yararsız hala düşəcək, şəhər zəhərli dumanlarla örtüləcək.
Havadan çəkilən fotoşəkillər maqmanın bir çatın altından axdığını göstərir. Sızmanın da buradan qaynaqlandığı güman edilir.
Qeyd edək ki, İslandiya yerləşdiyi Orta Atlantik silsiləsi səbəbindən əslində vulkanik fəaliyyətə öyrəncəlidir. Avrasiya və Şimali Amerika plitələri hər il bir-birindən bir neçə santimetr uzaqlaşır.
Lakin Qrindavikin təxliyəsi bir ilkdir. Çünki son 50 ildə ölkədə bütöv bir şəhər vulkanik fəaliyyətlərə görə boşaldılmayıb.
Hətta aşağı intensivlikli püskürmə belə, lavanın çatlardan həftələr boyu Yer səthinə axması üçün kifayətdir. Belə bir vəziyyət yaranarsa, lavanın Qrindavikə, Svartsengi elektrik stansiyasına və dünyaca məşhur “Mavi Laqun” kurort zonasına doğru axacağı gözlənilir.
Ehtiyat tədbiri olaraq “Mavi Laqun” kurort zonasında obyektlər bağlanıb. Ətrafında qoruyucu baryerlər qurulub.