ADA Universitetinin tələbə, müəllim və işçi heyəti ağacəkmə aksiyasında iştirak ediblər

ADA Universitetinin tələbə, müəllim və işçi heyəti ağacəkmə aksiyasında iştirak ediblər.

ADA Universitetinin 100-dək yerli və xarici tələbəsinin, o cümlədən müəllim və işçi heyətinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“İNFONEWS” xəbər verir ki, aksiya ADA Universiteti Fondu (Azərbaycan) və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Aksiya ADA Universiteti Fondunun “Coca-Cola” Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi layihələrin davamıdır.

Aksiyanın məqsədi Ulu Öndər Heydər Əliyevin ekoloji vəziyyəti sağlamlaşdırmaq, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğı ənənələrini davam etdirmək, eyni zamanda, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına dəstək göstərməkdir.

ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin direktoru Firuzə İsmayıl Əliyeva bildirib ki, ADA Universiteti Fondunun “Coca-Cola” Fondu və Nazirlik ilə birgə əməkdaşlığı nəticəsində son 10 ildə yüz mindən çox ağac əkilib.

“Hazırda su ehtiyatlarının effektiv idarə edilməsi ilə bağlı yeni birgə layihəyə başlanılıb. Bu ekoloji layihələrin həyata keçirilməsində bizə dəstək olduqlarına görə tərəfdaşlarımıza dərin minnətdarlığımızı ifadə edir və bu əməkdaşlığın növbəti illərdə daha da genişlənəcəyinə ümid edirik”,- deyə o əlavə edib.

ADA Universitetinin Hüquq fakültəsinin tələbəsi Fatimə Abdullayeva bildirib ki, universitetin bu təşəbbüsünün bir hissəsi olmaq onun üçün əvəzedilməz bir təcrübədir: “Burada ağacların əkilməsinə töhfə vermək qlobal işə töhfə verməkdir”.

ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Ceyms Ezimoha “Ətraf mühitin qayğısına qalmaq mənim üçün vacibdir, çünki o da bizə qayğı göstərir və bizim evimizdir. Buna görə də mən həmişə ağac əkmək və ətraf mühitin qorunmasına müsbət töhfə vermək üçün hər fürsətdən istifadə etməyə çalışmışam. Bu məqsədimə çatmaqda mənə kömək olan ADA komandasına minnətdaram”,- deyə əlavə edib.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə yaradılan “Yaşıl gələcək” platforması çərçivəsində həyata keçirilən bu aksiya zamanı Müşfiqabad qəsəbəsində 5000-dək ağacın əkilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “yasilgelecek.az” elektron platforması hər kəsə ağac əkməklə sosial və ekoloji inkişafa töhfə verməyə imkan verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir