Türkiyənin İstanbul şəhərinin səlahiyyətliləri 19 noyabrda qasırğa və güclü yağışla bağlı əhaliyə xəbərdarlıq ediblər.
“İNFONEWS” xəbər verir ki, bu barədə şəhərin valisi Davud Gül özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bazar günü şəhərin şimal və şimal-qərb rayonlarında küləyin sürəti 100 km/s çata bilər.
Öz növbəsində İstanbul meri Əkrəm İmamoğlu qeyd edib ki, əlverişsiz hava şəraitinin yaratdığı fövqəladə vəziyyətlə bağlı şəhər rəhbərliyi lazımi tədbirlər görüb. O qeyd edib ki, gözlənilən qasırğa və güclü yağışla əlaqədar 2 104 xüsusi texnika və 5 045 nəfər hazır vəziyyətə gətirilib.
Sinoptiklərin məlumatına görə, bazar ertəsinə qədər İstanbulda Balkanlardan gələn soyuq cəbhə gözlənilir.
İstanbul hava limanlarında pis hava şəraiti səbəbindən artıq 200-ə yaxın daxili və beynəlxalq reys təxirə salınıb.
Qeyd edək ki, Türkiyənin Ankara, İzmir və bəzi digər şəhərlərində hava ilə bağlı narıncı kodu elan edilib. Ölkənin 66 rayonunda hava şəraitinin pisləşəcəyi gözlənilir. Sinoptiklər güclü külək, yağış və daşqınlar barədə xəbərdarlıq edib.