Mədəniyyət naziri islas keçirib
“İNFONEWS” xəbər verir ki, fevralın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.
Nazirlikdən bildirilib ki, Mədəniyyət naziri Anar Kərimov iclası açaraq kollegiya üzvlərini salamlayıb, ötən ilin mədəniyyət mənzərəsinə nəzər salıb.
İclasda 2021-ci ilin birinci yarımili üçün nazirliyin tədbirlər planı müzakirə edilib. Konkret hədəflər müəyyən edilərək hazırlanan planda nazirlik sistemində həyata keçiriləcək islahatlar, mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası, “Nizami Gəncəvi İli” ilə əlaqədar tədbir və layihələr, beynəlxalq əməkdaşlığın inkişafı məsələlərinə diqqət yetiriləcəyi bildirilib.
Ölkə başçısı tərəfindən Şuşa şəhərinin “Azərbaycan mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar tədbirlərin təşkili, Vaqif Poeziya Günləri və “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalının keçirilməsi, həmçinin işğaldan azad olunan ərazilərdə mədəniyyətin mövcud vəziyyəti və Ermənistan tərəfindən törədilən vəhşiliklər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Daha sonra Mədəniyyət Nazirliyinin 2021-ci ilin birinci yarımili üçün tədbirlər planı təsdiq edilib.