“Ermənistanda su itkisi 60-70 faiz təşkil edir”.
“İNFONEWS” xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan canlı efirdə Ermənistan vətəndaşlarının və diaspor namayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, su təsərrüfatında ciddi problemlər var: “Su itkisinin səviyyəsi müəyyən qədər azalsa da, hazırda 60-70 faizdir. İstənilən su anbarından buraxılan 100 litr suyun yalnız 40 litri fermerlərə çatır. Bunun bir çox səbəbi var. Problem ilk növbədə suvarma sisteminin xarab olması ilə bağlıdır. Effektiv idarəetmə baxımından da problemlər var”.
N. Paşinyan su təsərrüfatında ciddi islahatlara ehtiyac olduğunu qeyd edib: “Qlobal iqlim dəyişikliyi şəraitində su getdikcə azalacaq. Dəyişikliklər olmasa, ciddi problemlərlə üzləşəcəyik”.
Baş nazirin fikrincə, 25 ildir kənd təsərrüfatında tətbiq edilən üsullar müasir dünyada istifadə olunmur.
Hökumət başçısı qeyd edib ki, ölkədə 15 su anbarının tikintisi planlaşdırılır: “Lakin Ermənistanda onların layihələndirilməsi ilə məşğul olan yalnız bir şirkət var. Bu şirkət hökumətin müəyyən etdiyi tələbləri yerinə yetirə bilməyəcək. Bu da problemdir”.