Türkmənistanda SOCAR-ın ofisi açılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Aşqabadda nümayəndəliyinin açılması Türkmənistanla uzunmüddətli fəaliyyətin möhkəmləndirilməsinə, ölkələrin enerji sektorunda ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür.

“İNFONEWS” SOCAR-a istinadən xəbər verir ki, bunu SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin Türkmənistandakı nümayəndəliyinin açılışı mərasimində çıxışı zamanı bildirib.

M.Cabbarov iki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun xüsusi rolunu vurğulayıb.

2023-cü ilin Azərbaycan xalqı üçün əlamətdar olduğunu qeyd edən nazir “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın xaricdə ikinci nümayəndəliyinin açılmasının xüsusi əhəmiyyət daşıdığını ifadə edib. M.Cabbarov iki ölkə arasında imzalanmış 100-dən çox dövlətlərarası və hökumətlərarası sənədin münasibətlərin hüquqi bazasını formalaşdırdığını diqqətə çatdırıb. Nazir açılışda əməyi keçən hər kəsə təşəkkür edərək nümayəndəliyə fəaliyyətində uğurlar arzulayıb.

Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev tədbirdə çıxış edərək nümayəndəliyin açılışı münasibətilə təbriklərini çatdırıb. A. Beqliyev nümayəndəliyin ölkələr arasında enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsinə dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkmənistanda SOCAR-ın nümayəndəliyinin fəaliyyətə başlamasının əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. SOCAR və Türkmənistanın enerji şirkətləri arasında mövcud əməkdaşlıqdan bəhs edən R. Nəcəf yeni nümayəndəliyin açılışının əhəmiyyətini vurğulayıb.

Tədbir iştirakçıları ofisdə yaradılan şəraitlə tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir