Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdin xəsarət almasına münasibət bildirib.
“İNFONEWS”un məlumatına görə, nazir noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, məktəblərdə şagirdlər arasında dava və ya toqquşma halları olur, yəqin bundan sonra da olacaq.
“Təbii ki, biz bunu istəmirik. Çünki hamımız məktəbdə oxumuşuq, başımıza bu cür hadisələr gəlib. Məktəb direktorları üzərinə düşən işləri görməlidir. Biz də yekunda günahı olanlar barədə tədbir görürük”, – o qeyd edib.
Qeyd edək ki, Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb. Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər.