Bu il yanvarın 1-nə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) kredit borcu 204 min manat təşkil edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə ASK məlumat yayıb.
Məlumata görə, bu, ötən il yanvarın 1-nə nisbətən 7,3 dəfə azdır.
Hesabat dövründə ASK “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) 1,291 milyon manat borcunu bağlayıb. Korporasiyanın “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borcu isə dəyişməyərək 204 min manat qalıb.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.
ABB isə 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
“Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,339 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.