“Əlilliyi olan şəxslər üçün yeni layihələr nəzərdə tutulub”
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işə düzəltmək üçün kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlarda əlilliyi olan vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.
“İNFONEWS” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin departament direktoru Bənnalı Pərviz Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması forumunda bildirib.
Onun sözlərinə görə, müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən əlilliyi olan şəxslərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları da nəzərə alınır.
Əlavə edib ki, paralel olaraq özünüməşğulluq proqramı çərçivəsində agentlik tərəfindən 2024-cü ildə də əlilliyi olan şəxslər üçün yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
“Növbəti ildə eşitmə və görmə əngəlli şəxslərin əmək bazarına inteqrasiyası həmin şəxslərin sosial müdafiəsini təmin edilməsi və məşğulluq tədbirlərinə istiqamətləndirilməsi məqsədilə özünüməşğulluq proqramının müxtəlif istiqmatləri üzrə həmin şəxslərin təlimlərə cəlb edilməsi və əmlakla təmin edilərək öz kiçik bizneslərinin də qurulması həyata keçiriləcək”,- deyə Bənnalı Pərviz bildirib.