“Azərsun Holdinq” “YAŞAT” Fonduna 1 milyon manat ianə edib
“İNFONEWS” xəbər verir.
Fəaliyyətə başladığı gündən ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” Vətən müharibəsində qalib gələrək düşmənləri torpağımızdan qovmuş qazilərə və Şəhid ailələrinə dəstəyini ifadə etmək məqsədilə “Yaşat” Fonduna 1 milyon manat ianə edib.
Hər zaman ölkə başçısının siyasi kursunu dəstəkləyən, onun çağırışlarına dərhal reaksiya verən şirkətlər qrupu bu müqəddəs çağırışıdan da kənar qala bilməzdi. Cəmiyyətə faydalı olmağı əsas fəaliyyət prinsiplərindən hesab edən şirkətlər qrupunun daxilində də “Yaşat” Fondu yarandığı gündən əməkdaşlarla bu barədə məlumatlar paylaşılır və “Azərsun Holdinq”də çalışanlar da ilk gündən fərdi şəkildə fonda ianələr edirlər.
Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi və işsizliyin aradan qaldırılması üçün mühüm addımlar atan “Azərsun Holdinq” illərdir ölkə həyatının müxtəlif müsbət töhfələr vermək üçün müxtəlif sosial layihələr reallaşdırır. Şirkətlər Qrupu bundan sonra da bu məsələlərə həssas yanaşaraq yeni layihələr həyata keçirməyə davam edəcək.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 gün ərzində düşməni diz çökdürərək şanlı qələbə qazandığı Vətən müharibəsi zamanı da, adıçəkilən Şirkətlər Qrupuna məxsus istehsal müəssisələri fəaliyyətini yüksək səviyyədə davam etdirərək həm ordumuzun, həm də mülki vətəndaşların ərzaq təminatının kəsintisiz həyata keçirilməsinə töhfəsini verdi.
Bununla bərabər Vətən müharibəsi zamanı “Azərsun Holdinq”in rəhbəri Abdolbari Gozal Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat ianə edərək rəşadətli ordumuza dəstəyini nümayiş etdirdi.
Qeyd edək ki, Vətən müharibəsində 700-ə yaxın “Azərsun Holdinq” əməkdaşı döyüşlərdə iştirak edib, 9 nəfər torpaqlarımızın azadlığı uğrunda Şəhadət zirvəsinə ucalıb.