Azərbaycanın tarixçi-aliminin əsəri Özbəkistanda nəşr olunub
Azərbaycan tarixçisi və şərqşünası, akademik Ziya Bünyadovun “Xarəzmşahlar – Anuştəqinilər dövləti. 1097-1231” əsəri Özbəkistanda “Yeni asr avlodi” nəşriyyatında işıq üzü görüb.
“İNFONEWS” xəbər verir ki, kitabda Orta Asiyada yaşamış xalqların tarixi öz əksini tapıb. Əsərdə Mavəraünnəhrdə yaranmış, o dövrün qüdrətli səltənətləri olmuş Səlcuq dövlətini və Bağdad xilafətini lərzəyə salan, Qaraçinliləri tar-mar edən, Qəznəviləri özünə tabe edən, mərkəzi Xarəzm olan geniş və qüdrətli ölkənin tarixi əks etdirilir. Xarəzmşahlar dövlətinin tarixi, siyasi və iqtisadi həyatı, yüksək mədəniyyəti etibarlı və orijinal mənbələr əsasında işıqlandırılır. Kitab tarix həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Əsəri özbək dilinə tarix elmləri doktoru, professor Əşrəf Əhməd tərcümə edib.