Bosniya və Herseqovinada Ümummilli Lider Heydər Əliyevlə bağlı kitabın təqdimatı olub

Bosniya və Herseqovinada Ümummilli Lider Heydər Əliyevlə bağlı kitabın təqdimatı olub.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə “Heydər Əliyev İli” çərçivəsində bu ölkənin Milli və Universitet Kitabxanasında tanınmış yazıçı-publisist, Xalq yazıçısı, Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın üç cilddə “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının və “GEOPOL” geosiyasi tədqiqatlar mərkəzinin direktoru, regional siyasi münasibətlər, beynəlxalq siyasət və diaspor icması sahəsində tanınmış tədqiqatçı, eləcə də Ulu Öndər Heydər Əliyev haqqında bir sıra məqalələrin müəllifi Admir Lisitsanın boşnak dilində nəşr edilmiş “Heydər Əliyev – müasir Azərbaycanın qurucusu: daxili imkanlar, xarici siyasət və iqtisadi inkişaf” adlı kitabının təqdimatı keçirilib.

“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Bosniya və Herseqovinanın dövlət rəsmiləri və nüfuzlu universitetlərin professorları, bu ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, Türkiyənin Bosniya və Herseqovinada fəaliyyət göstərən çoxsaylı qurumlarının (TİKA, Yunus Əmrə İnstitutu, “Maarif Schools”) rəhbər və nümayəndələri, həmçinin “Hayat TV”, FENA, “Anadolu Balkan”, “TRT Balkan”, “Avaz” və digər KİV-lərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin vəfat etməsindən 20 il ötdüyü iştirakçıların diqqətinə çatdırılıb və dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təqdimat mərasimində Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasının direktoru İsmet Ovçin tədbirin kitabxana binasında təşkilindən məmnunluq hissi keçirdiyini bildirib.

Sonra çıxış edən Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib. Boşnak oxucularına təqdim olunan kitabların Heydər Əliyev şəxsiyyəti və müasir Azərbaycanın tarixi haqda zəngin məlumat qaynağı olduğunu və bu mənada həm mütaliə həvəskarları, həm də mütəxəssislər üçün böyük maraq doğuracağına əmin olduğunu bildirən səfir Ümummilli Liderlə bağlı xatirələrini qonaqlarla bölüşüb.

Kitabın müəllifi A.Lisitsa isə çıxışında deyib ki, 10 fəsildən ibarət nəşrdə Heydər Əliyevin keçmiş “Dağlıq Qarabağ münaqişəsinin” həlli istiqamətində atdığı addımlar, “Əsrin müqaviləsi”nin imzalanmasında rolu, daxili stabilliyin təmin edilməsi, fəal xarici siyasət kursunun işlənib hazırlanması və həyata keçirilməsində xidmətləri, həmçinin Azərbaycan-Bosniya və Herseqovina münasibətləri, ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri və Azərbaycandakı mövcud əlverişli investisiya mühiti əks olunub.

Təqdimat mərasimində, həmçinin Sarayevo Beynəlxalq Universitetinin professoru Yahya Muhasiloviç və Turza Universitetinin dosenti Ömər Kovçiç çıxış ediblər.

Səfirliyin təşəbbüsü ilə Heydər Əliyev haqqında Azərbaycan, rus və ingilis dillərində təxminən 30 adda kitab Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasına hədiyyə edilib. Gələcəkdə bu kitabların bazası əsasında kitabxanada Heydər Əliyev guşəsi və Azərbaycan bölməsinin yaradılması haqqında razılıq əldə olunub.

Ziyalıların, universitet müəllim və tələbələrinin də iştirak etdiyi tədbir yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir