Dekarbonizasiya sahəsində İtaliya üzərinə düşəni praqmatik şəkildə edir.
APA xəbər verir ki, bunu İtaliya Baş naziri Giorgia Meloni Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransında çıxışında deyib.
O bildirib ki, iqlim dəyişikliyi istiqamətində konkret addımların atılması vacibdir. İtaliya Baş naziri COP28-in iqlim dəyişikliyi ilə bağlı “həlledici dönüş nöqtəsi” olacağına inandığını deyib.
“İtaliya dekarbonizasiyada öz öhdəliyinə düşəni praqmatik şəkildə edir. Yeni yaşıl texnologiyalardan istifadə edir, bu sahəyə sərmayə qoyur. Biz əgər dayanıqlı ətraf mühit istəyiriksə, ekoloji keçid etməliyik”, – o vurğulayıb.
İtaliya Baş naziri ölkəsinin yeni enerji və iqlim planı qəbul etdiyini xatırladıb: “Biz 2050-ci ilə qədər karbon neytral olmağı, 2030-cu ilə qədər isə bunu 55 faizə qədər azaltmağı hədəfləmişik”.
İtaliya Baş naziri deyib ki, onun ölkəsi iqlim fondunu yaradıb və iqlim dəyişikliyi ilə mübarizədə digər ölkələrə kömək edir: “Biz Afrika qitəsini dəstəkləməliyik, Afrikanın xeyriyyəyə ehtiyacı yoxdur, bu qitəni bərabər şəkildə inkişaf üçün imkanlara, dəstəyə ehtiyacı var”.
O deyib ki, digər ölkələr Afrikanın və Aralıq dənizi ölkələrinin enerji təhlükəsizliyinə dəstək verməlidir.
İtaliya Baş naziri xanım Meloni xatırladıb ki, İtaliya COP 28 çərçivəsində yaradılan Fonda 100 milyon avro maliyyə dəstəyi ayıracaq. O vurğulayıb ki, 2024-cü ildə İtaliya G7-yə sədrliyi dövründə iqlim dəyişikliyi məsələsini gündəliyinə salacaq və buna təşviq edəcək.