Bu günə qədər 137 min nəfərlik müəllim heyətinin 40 min nəfəri sertifikatlaşdırmaya cəlb edilib.
“İNFONEWS” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, bu, bütün müəllimlərin 29 faizini təşkil edir:
“Ümumilikdə 32 min müəllimin əməkhaqqına əlavələr edilib. 24 min müəllim əməkhaqqına 10 faiz, 8 min müəllimə isə 35 faiz əlavə alır. Hər 3 müəllimdən biri 2023-cü ildəki sertifikatlaşdırmadan sonra 1000 manat və daha çox əməkhaqqı alır”.
Nazir deyib ki, bu gün 28 min müəllim 500 manata qədər əməkhaqqı alır. Onlar həftədə 8 saata yaxın dərs deyir:
“Bunun səbəbi müəllimlərin sayının çox olmasıdır. Müəllimin yarımştatlı işi ola bilməz. Müəllim tam ştatla çalışmalıdır. Növbəti illərdə çalışacağıq ki, müəllimlərin bir qismi daimi ştata keçirilsin. Müəllimin iş saatı 24 saatdırsa, əməkhaqqı da normal olur”.
Nazir eyni zamanda, əlavə edib ki, əvvəllər savadlı müəllimlərin direktor olmağa marağı yox idi, lakin bu, artıq dəyişib:
“Bu, direktorların maaşına aylıq əlavələrdən sonra dəyişib. 896 direktorun orta aylıq əməkhaqqı 2050, 2691 direktor müavinin orta aylıq əməkhaqqı 1350 manata çatdırlıb”.