“Fikrimcə, Niderlandda qələbə qazanacağıq. Çünki komandada çox böyük istək var”.
Bunu “İNFONEWS”-a açıqlamasında Azərbaycan millisinin futzalçısı Xəzər Ağalızadə DÇ-2024-ün elit mərhələsinin son turunda Niderlandla keçiriləcək səfər oyunu barədə danışarkən deyib.
“Araz-Naxçıvan”ın oyunçusu dekabrın 15-də Bakıda Rumıniya ilə 5:5 hesablı heç-heçə etdikləri matçı da dəyərləndirib. Gənc futzalçı qələbə üçün təcrübələrinin çatmadığını söyləyib: “Rumıniya ilə oyun gözlədiyimizdən də ağır keçdi. Komanda yoldaşlarımla yanaşı, özüm də yaxşı oynadım. Açığı, qələbə qazanacağımızı düşünürdüm. Ola bilsin ki, bunun üçün təcrübəmiz çatmadı. Əslində, meydançaya çıxanda heç birimizdə həyəcan yox idi. Hamı istəkli, aqressiv idi. Bir neçə dəfə hesabda önə də keçdik. Məncə, qələbə qazana bilməməyimizdə təcrübəsizlik həlledici oldu. Həm də matçın əvvəllərində gücümüz çox idi, sona yaxın isə yorulduq. Rumınlar da 5-in 4-ə çox yaxşı çıxış etməyi bacaran komandadırlar”.
O, qarşılaşmanın Polşadan olan hakimlər briqadasının da görüşü zəif idarə etdiklərini düşünür: “Hakim təzyiq qarşısında özünü itirdi. Hər iki komandanın əleyhinə yersiz cərimələr çox oldu”.
Xəzər Ağalızadə hazırkı heyətə vaxt verilməsini istəyib: “Uzun müddətdən sonra əksəriyyəti yerli futzalçılardan qurulan kollektivlə gözəl oyun sərgilədik. Məncə, bu heyətə çox şans verilsə, uğurlu nəticələr qazana bilərik. Komandada olan veteran oyunçuların təcrübəsi bizə çox kömək olur. 4-5 ildən sonra azərbaycanlı futzalçılardan qurulmuş çox yaxşı milli görə bilərik”.
Qeyd edək ki, dekabrın 20-də Almere şəhərindəki “Topsportsentrum”da keçiriləcək Niderland – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Son tur öncəsi Azərbaycan millisi 4 xalla qrupda sonuncu pillədə qərarlaşıb. Niderland isə 6 xalla ikinci pillədə yer alıb.