“The Economist” 2023-cü ildə ən yaxşı iqtisadi nəticələrə nail olan ölkələrin adlarını açıqlayıb
Nüfuzlu “The Economist” nəşri 2023-cü ildə ən yaxşı iqtisadi nəticələrə nail olan ölkələrin adlarını açıqlayıb. Cəmi 34 ölkənin yer aldığı reytinq cədvəlinin tərtib olunmasında inflyasiyanın səviyyəsi, ümumu daxili məhsulun həcmi, məşğulluq və birja fəaliyyəti kimi amillər nəzərə alınıb.
“İNFONEWS” xəbər verir ki, reytinq cədvəlində birinci yeri Yunanıstan tutur. Bir neçə il əvvəl ağır iqtisadi böhranla üzləşən və iflas həddinə çatan bu ölkə son iki ildə yüksək iqtisadi göstəricilər nümayiş etdirir. Yunanıstanda birjanın real dəyəri 40 faizdən çox artıb. İqtisadi yüksəlişin əsas səbəbi hökumətin həyata keçirdiyi iqtisadi islahatlar və sərmayə axınıdır. Beynəlxalq Valyuta Fondu da yunan iqtisadiyyatında rəqəmsal transformasiyanı və artan bazar rəqabətini alqışlayıb.
Reytinq cədvəlində sonrakı yerləri Cənubi Koreya, ABŞ və İsrail tutublar. “The Economist” Birləşmiş Ştatlarda ÜDM-nin həcminin artması və yeni iş yerlərinin açılmasını xüsusi qeyd edib. Cənubi Koreyada isə Mərkəzi Bankın faiz dərəcələrini artırması inflyasiyanın səviyyəsini aşağı salıb.
İsrail Fələstində müharibəyə rəğmən reytinq cədvəlində 4-cü yeri tutub. Qardaş ölkə Türkiyə isə ilin iqtisadi göstəricilərinə görə 15-ci yerdədir.