“Mən demirəm bir dəli şeytan deyir” – Nihat İSKƏNDƏRLİ
“İNFONEWS” təqdim edir:
“MƏN DEMİRƏM, BİR DƏLİ ŞEYTAN DEYİR”
Say bu sözü, gör neçə insan deyir?
“Mən demirəm bir dəli şeytan deyir”.
Neynəyirəm dini, nə də imanı,
Qoyuram hərdən qırağa vicdanı,
Kimin varsa əgər pulu, imkanı,
Dilim dayanmar ona hey can deyir,
“Mən demirəm bir dəli şeytan deyir”.
Yetişmişdi qonşumuzun meyvəsi,
Edilməyibdir hələ heç siftəsi,
Meyvələrin içindən ən tazəsi,
Cəlb eləyir uzaqdan nuş-can deyir,
“Mən demirəm bir dəli şeytan deyir”.
İşləməkdən qazanmağa yox macal,
Bir mənə qalmışdı qazanmaq halal?
Avamlarda aşıb-daşır cah-cəlal,
Səndə qazan bucürnə imkan deyir,
“Mən demirəm bir dəli şeytan deyir”.
Danışmaq gümüşdü, sözün möcüzü,
Qızıldı susmaq bilirik biz düzü,
Görsən əgər tapdalanır haqq sözü,
Sus sakit ol haqq sözünü dan deyir,
“Mən demirəm bir dəli şeytan deyir”.
Uzandırmışam dizimə şeytanı,
İnandırmışam sözümə şeytanı,
Ortaq etmişəm özümə şeytanı,
Atma mənə bir belə böhtan deyir,
“Mən demirəm bir dəli şeytan deyir”.
Bir gün olsa İlahidən məhkəmə,
Gələr şeytana həmən an vahimə,
Qürrələnib söyləyərəm hakimə,
Hər nə etmişəm mənə başdan deyir,
“Mən demirəm bir dəli şeytan deyir”.
Nihat İSKƏNDƏRLİ