Rotterdamda “Biz qalib xalqıq!” bayram tədbiri keçirilib
Niderlandın Rotterdam şəhərində “Heydər Əliyev İli” çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Biz Qalib Xalqıq!” adlı bayram tədbiri keçirilib.
“İNFONEWS” -un Diasporla İş üzrə Dövlət Komitəsindən əldə etdiyi məlumatına görə, Komitənin dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Niderlanddakı səfirliyinin, Türkiyənin Amsterdamdakı Baş konsulluğunun əməkdaşları, Niderland, Belçika və Almaniyada yaşayan soydaşlarımız, Güney azərbaycanlılar, Türk icmasının və Niderlanddakı Türk mediasının təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan diasporunun inkişafındakı müstəsna rolu barədə məlumat verilib, Ümummilli Liderə və xalqımızın parlaq Zəfərinə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər bayramlar və Azərbaycan bayrağının Qarabağın bütün şəhər və kəndlərində dalğalandırılması münasibətilə soydaşlarımızı, həmçinin Türk dünyasını təbrik ediblər. Səfir və diaspor nümayəndələri Niderlandda yaşayan Azərbaycan vətəndaşlarını gələn il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.
Azərbaycanın Niderlanddakı səfirliyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi adından son illərdə fəallığı ilə seçilən Koordinasiya Şurasının üzvlərinə və diaspor fəallarına təşəkkürnamələr təqdim edilib.
“Yaşa Azərbaycan” mahnısı ilə başlayan konsert proqramında gənc müğənnilər İlqar Sadıqov, Vüsalə Cabir, Niderland-Azərbaycan Odlar Yurdu Cəmiyyətinin rəhbəri Frəngiz Bağırova və Cəmiyyətin üzvü Nemətağa Əliyev çıxış ediblər. Onların ifalarında səslənən əsərlər alqışlarla qarşılanıb.
Konsertdən toplanan vəsaitin Azərbaycandakı şəhid və qazi ailələrinə ianə edilməsi nəzərdə tutulub.