Professorun məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Professorun məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayevanın “Türk dünyası və strateji siyasətin fəlsəfəsi: yumşaq güc və media” başlıqlı məqaləsi “Türk Akademi Dergisi”ndə (SAÜTAD) işıq üzü görüb.

“İNFONEWS” – un Şərqşünaslıq İnstitutundan əldə etdiyi məlumatda bildirilib ki, müəllif məqalədə son zamanlarda baş verən siyasi, iqtisadi və mədəni hadisələrin müasir dünyada Türk dövlətlərinin rifah, inkişaf və təhlükəsizliyinin bir-birindən asılı olduğunu nümayiş etdirdiyini bildirir. Bu kontekstdə professor Roida Rzayeva qeyd edib ki, dünyada baş verən sürətli dəyişikliklər qarşısında regional təşkilatların əhəmiyyəti artıb. Qlobal dinamikaya əsaslanan ümumi strateji baxışın formalaşdırılması zərurəti yaranıb. Regional səviyyədə ehtiyacları qarşılamaq üçün yaradılan platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır. Həmçinin müəllif məqalədə göstərir ki, müasir ictimai-siyasi reallıq, o cümlədən son dövrlərdə baş verən müharibələr şəraitində informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də informasiya və media sahəsində aktuallaşıb. Professor R.Rzayeva geosiyasi müstəvidə ortaya çıxan reallıqların media siyasətinin “yumşaq güc” kimi çıxış etməsini şərtləndirdiyini bildirib.

Qeyd edək ki, Türk dünyası ilə bağlı aparılan müasir tədqiqatların nəşr olunduğu jurnal “ULAKBİM DergiPark”, “EBSCO”, “Index Copernicus”, “Crossref”, “İSAM” daxil olmaqla bir çox beynəlxalq bazalarda indekslənir. “Türk Akademi Dergisi” Türk dünyasının geosiyasi məkanındakı cəmiyyətlərlə mədəni, sosial, iqtisadi, siyasi və elmi münasibətləri ehtiva edən elmlərarası nəzəri, empirik və metodoloji məqalələri nəşr edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir