“COP29 Azərbaycana nə vəd edir?” – Orxan Bağırov

“COP29 Azərbaycana nə vəd edir?” – Orxan Bağırov

2023-cü ilin dekabrın 11-də keçirilmiş COP28-in plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) cari ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar verildi. BMT tərəfindən təşkil edilən Tərəflər Konfransının əsas məqsədi iqlim dəyişikliyinə beynəlxalq reaksiyanı artırmaq üçün diplomatları, dövlət başçılarını və iqlim müdafiəçilərini bir araya gətirməkdir. Tərəflər Konfransı 1992-ci ildə BMT-nin ilk iqlim müqaviləsini imzalayan və “iqlimə təhlükəli müdaxilə” ilə mübarizə aparmağı vəd edən 197 ölkəni özündə birləşdirir. Konfransa dünyada olan bütün ölkələr üzvdür və buna görə də əvvəl keçirilmiş COP tədbirləri ən çox dünya liderini bir araya gətirən toplantılar kimi tarixə düşüb. İlk Tərəflər Konfransı isə 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib.

“İNFONEWS” xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin baş elmi işçisi Orxan Bağırovun “COP29 Azərbaycana nə vəd edir?” sərlövhəli məqaləsində yer alıb.

Araşdırmada göstərilir ki, Tərəflər Konfransına BMT-nin beş regional qrupu növbə ilə ev sahibliyi edir və hər dəfə bu qrupa aid olan müxtəlif ölkələr ev sahibi olaraq seçilir. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə Tərəflər Konfransının 29-cu sessiyasının ev sahibi olaraq seçildi. Azərbaycanın yekdil dəstək ilə ev sahibi seçilməsi təsadüfi deyil. Dünyanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən olan Avropaya daxil olan ölkələrin Azərbaycanı dəstəkləməsi, ilk növbədə, ciddi diplomatik uğurdur. Bu uğurun əldə edilməsi uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsidir. Adətən COP regional qruplara aid olan böyük, inkişaf etmiş və nüfuzlu dövlətlər tərəfindən təşkil edilir. Ona görə də Tərəflər Konfransının növbəti sessiyasının Azərbaycanda keçirilməsi onun nüfuzunun beynəlxalq aləmdə yüksək səviyyədə olduğunu bir daha sübut edir. Bunun diplomatik uğur olmasını həm də Ermənistanın bütün səylərinə rəğmən tədbirin Azərbaycanda keçirilməsinə razı olmağa məcbur olması da təsdiq edir. Bütün digər cəbhələrdə olduğu kimi bu məsələdə də Azərbaycan Ermənistan üzərində diplomatik qələbə qazana bildi və belə bir mötəbər tədbirə ev sahibliyi edəcək.

Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq. Belə ki, Azərbaycan 2030-ci ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyub. Eyni zamanda, əsrin ortasına qədər 1990-cı il ilə müqayisədə Azərbaycan karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub.

Qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə ən böyük problemlərdən biri kifayət qədər maliyyə vəsaitinin ayrılmamasıdır. Ona görə də Tərəflər Konfransının son iki sessiyasında bu məsələyə xüsusi diqqət ayrılsa da, problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilməyib. Yeganə əldə edilən nəticə 2022-ci ildə keçirilən COP27-də “İtki və Zərər” fondunun yaradılması olub. Fond daha çox iqlim problemləri ilə qarşılaşmış olan inkişaf etməkdə olan ölkələrə dəstək vermək məqsədilə yaradılıb. Məqsədin bu olması isə onunla bağlıdır ki, həmin ölkələr daha çox iqlim problemləri ilə qarşılaşmaqdadırlar və maliyyə imkanları da zəifdir. Ona görə də iqlim dəyişiklikləri baxımından həssas olan bu ölkələrin daha çox maliyyə yardımına ehtiyac var. Fondun ehtiyatları 700 milyon dollar səviyyəsində olsa da, bu iqlim dəyişiklikləri ilə mübarizə üçün lazım olan 400 milyard dollarla müqayisədə çox azdır. Ona görə də Tərəflər Konfransının 29-cu sessiyasında gündəmdə əsas məsələlərdən biri maliyyə arxitekturasının islah edilməsi, bu prosesdə özəl sektorun iştirakının artırılması, bu istiqamətdə borc siyasəti və vəsaitlərin ehtiyac kriteriyası üzrə daha ədalətli şəkildə bölüşdürülməsi kimi məsələlər olacaq. Bu istiqamətdə uğurların əldə edilməsi üçün özəl sektorun maliyyələşmə prosesində daha aktiv şəkildə iştirakına çağırışların ediləcəyi də gözlənilir.

Artıq qlobal iqlim dəyişikliyi daha ciddi xarakter aldığından onunla mübarizənin maliyyələşdirilməsi üçün səylərin artırılmasına imkan yaratmaq üçün maliyyə problemlərinin qısa zamanda həll edilməsinə ciddi ehtiyac yaranıb. Bu baxımdan 2024-cü ildəki sessiya maliyyələşmə problemlərinin həlli üçün daha effektiv həll yollarının tapılmasına görə ən vacib sessiyalardan birinə çevrilə bilər. Bu sessiyaya ev sahibliyi etməklə Azərbaycan da bu mənada tarixə düşəcək. Bundan başqa, qlobal səviyyədə etibarlı tərəfdaş və liderlik xüsusiyyətlərinə malik olan ölkə kimi Azərbaycan da iqlim dəyişiklikləri ilə mübarizə prosesinin maliyyələşdirilməsinə öz töhfəsini verə bilər. Azərbaycanın uzun illər ərzində neft və qaz ehtiyatlarının ixracından əldə etdiyi gəlirləri səmərəli istifadə etməklə öz iqtisadiyyatını inkişaf etdirib və iqtisadi müstəqillik əldə edib. İndi isə bu ehtiyatlar hesabına Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməklə öz mövqeyini daha da möhkəmləndirə və təsir dairəsini daha da genişləndirə bilər. Bu baxımdan, COP29-un Azərbaycanda keçirilməsi onun bu mövqeyinin möhkəmlənməsi və bu istiqamətdə gördüyü işlərin, əldə etdiyi nəticələrin təbliği baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, sessiyanın Bakıda keçirilməsi Azərbaycanda özəl sektorun bu prosesə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu da azərbaycanlı sahibkarların qlobal səviyyədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verməsinə şərait yaradacaq.

Əvvəl də qeyd edildiyi kimi, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a ev sahibliyi etmək imkanını əldə etməsinə səbəb oldu. Azərbaycanın belə tanınması isə, ilk növbədə, onun bu sahədə uzun illərdir həyata keçirdiyi ardıcıl siyasət və layihələr hesabına mümkün olub. Son illər Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından böyük işlər görüb. 2023-cü ildə Azərbaycanda regionun ən böyük bərpa olunan enerji stansiyası istifadəyə verilib və bır sıra külək və günəş enerjisi stansiyalarının əsası qoyulub. Bu stansiyaların işə başlaması yaxın illərdə 10 min meqavat enerji istehsal edilməsinə şərait yaradacaq. Bu isə imkan verəcəkdir ki, Azərbaycan özünün enerji təhlükəsizliyini daha davamlı şəkildə təmin edə bilsin və əsas yaşıl enerji ixracatçılarından birinə çevrilsin.

Bundan başqa, Azərbaycan yaşıl enerji təchizatçısına çevrilməyi də qarşısına məqsəd qoyub. Artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsini icra etməkdədir. Bu layihə işə düşdükdən sonra Azərbaycan Avropanın əsas yaşıl enerji təchizatçılarından birinə çevrilmiş olacaq. Ona görə COP29-un Azərbaycanda keçirilməsi də bu prosesin davamıdır və ölkəmizin yaşıl enerjiyə keçid və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasına öz töhfəsini verəcək.

Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə qeyri-neft sektorundan asılılığın azaldılması və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bərpaolunan enerji mənbələrinin rolunun artırılması da aiddir. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan yaşıl enerjiyə keçidə hazırlaşmaqdadır. Bu baxımdan, COP29 tədbiri həmin keçidin daha səmərəli icrası ilə bağlı strategiyaların və görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi baxımından faydalı platformadır. Sessiya çərçivəsində dünyanın bu keçidlə bağlı daha çox təcrübəsi olan ölkələri ilə fikir mübadiləsinin aparılması və təcrübələrin bölüşülməsi Azərbaycanın yaşıl enerjiyə keçid prosesinə öz töhfəsini verəcək.

Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə aparmasının və bu məsələyə böyük diqqət ayrımasının göstəricilərindən biri də 2030-cu ilə qədər müəyyən etdiyi beş istiqamətdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinin olmasıdır. Həmçinin Qarabağın sahib olduğu bərpaolunan enerji resursları Azərbaycanın “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinin icrasına, qlobal yaşıl enerji çağırışlarına cavab verməyə və ətraf mühitin qorunmasına ciddi töhfə verəcək. Ona görə də torpaqların işğaldan azad edilməsi həm də enerji sektorunun inkişafına böyük töhfə verəcək. Bu baxımdan, COP29 həm də işğaldan azad edilmiş ərazilərdə görülən işlərin və bu ərazilərin sahib olduğu bərpaolunan enerji mənbələrinin dünya üçün əhəmiyyətinin təbliği baxımından da faydalı platformaya çevriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir