“Qərbi Azəri” platformasından milyardıncı barel neft hasil edilib

Xəzərin Azərbaycan sekktorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) neft yataqlar blokundakı “Qərbi Azəri” platformasından bir milyardıncı barel neft hasil edilib.

“İNFONEWS” xəbər verir ki, bu barədə AÇG-nin operatoru olan BP-nin layihəüzrə tərəfdaşları – SOCAR, MOL, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU, ONGC Videsh Limited (OVL) – adından etdiyi bəyanatda bildirilir.

“Qərbi Azəri” Xəzər dənizində AÇG yatağının yeddi hasilat platformasından biridir. 1997-ci ilin noyabrında AÇG-dən ilk neft əldə olunandan bəri ümumilikdə çıxarılmış 4,3 milyard barel neft hasilatına bu platformanın əhəmiyyətli töhfəsi var.

““Bu, ikinci AÇG platformasıdır ki, ümumi neft hasilatında 1 milyard barel xəttini adlayıb ikinci milyard barelin yoluna çıxır. Bu əlamətdar mərhələyə çatan ilk platforma isə “Mərkəzi Azəri” olub. “Mərkəzi Azəri” bu xəttə digər platformalardan daha tez – 2021-ci ilin iyul ayında çatmışdı. İndi isə 1 milyard barel neft hasil etmiş daha bir platformamız var – “Qərbi Azəri”. Ümid edirik ki, AÇG-də bu möhtəşəm uğur silsiləsi davam edəcək”, – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov qeyd edib

Qeyd edək ki, “Qərbi Azəri” platformasından ilk neft 2005-ci ilin dekabr ayında əldə olunub. Hazırda platformada təxminən 200 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki rəisi Azərbaycan vətəndaşıdır. 2005-ci ildən bəri platformadan 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 35 quyudan 26-sı hasilat quyusu, 9-u isə suvurma quyusudur. 2005-ci ildə istismara verilmiş ilk quyulardan biri C-06 quyusudur. Bu quyu ilk dövrlərdə gündəlik 35000 barel neft verib və hazırda da platformanın ən məhsuldar quyularından biridir. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub. Hazırda Qərbi Azəri platformasından gündəlik hasilat 85000 bareldir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir