Bu gün Şərqin Günəşinin banisinin doğum günüdür. M.Ə.Rəsulzadə – 140
Bu gün Şərqin ilk demokratiya Günəşinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.
“İNFONEWS” xəbər verir ki, o, gənc yaşlarından inqilabi hərəkata qoşulub, 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nın yaradıcısı olub. Bu müəssisə XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1904-cü ildə o, Zaqafqaziyada yaradılan ilk müsəlman sosial-demokrat qrupu olan “Hümmət” təşkilatının yaradıcılarından biri olub.
28 may 1918-ci ildə Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Azərbaycanın istiqlalını elan edib. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra o həbs edilib. Bundan xəbər tutan Stalin həbsxanadan Rəsulzadəni azad edib və onu Moskvada RSFSR-in Millətlər Komissarlığında vəzifəyə təyin edib.
1922-ci ildən Rəsulzadənin mühacirət dövrü elmi tədqiqat adı ilə Sankt-Peterburqa, oradan isə Finlandiyaya getməklə başlayıb. 1946-cı ilə kimi Rəsulzadə bir sıra Avropa ölkələrində müxtəlif vəzifələrdə çalışıb. Onun məqalələri türk, rus, ingilis, polyak, fransız, alman və s. dillərdə çap edilib, təkcə Azərbaycanın dövri mətbuatında onun 1200-dən artıq yazıları dərc olunub.
İkinci Dünya müharibəsi zamanı (1939-1945) Münxendə gizli şəraitdə yaşayan Rəsulzadə “Azərbaycan Demokrat Birliyi” və “Türkiyə-Azərbaycan” cəmiyyətlərini yaradıb. İctimai xadim 1947-ci ildə Türkiyəyə qayıdıb və orada Azərbaycan Milli Mərkəzinin başçısı kimi çalışıb.
Məhəmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Türkiyənin Ankara şəhərində vəfat edib və Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.
2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Rəsulzadənin 140-illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalanıb.