Qeyri-Hökumət Təşkilatları Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə müraciət ediblər.
“İNFONEWS”-ün xəbərinə görə, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident! Müzəffər Ali Baş Komandan!
Biz – Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Sizə milli lider olaraq müraciət edirik. Siz bütün xalqın, dünya azərbaycanlılarının məhəbbətini qazanaraq, milli liderliyə Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə tam nail olmaqla, tarixin ən qüdrətli Azərbaycan dövlətini yaratmaqla yüksəlmisiniz. Azərbaycan Bayrağını Şuşada, Xankəndində, Xocalıda ucaltmısınız!
2003-cü ildən bu yana Azərbaycan xalqı bütün Prezident seçkilərində yalnız Sizi seçib, öz gələcəyini yalnız Sizə etibar edib. Siz verdiyiniz bütün vədləri yerinə yetirmisiniz.
Siz Azərbaycan xalqını ən böyük arzularına qovuşduran, milli idealına çatdıran şəxsiyyət kimi vətəndaş cəmiyyəti üçün də doğmasınız. QHT-lərin fəaliyyəti ilə bağlı çağırışlarınız, fikirləriniz, Azərbaycan QHT-lərinə ictimai etimadı artırır, vətəndaş cəmiyyətinin qərarların qəbulu proseslərində fəal iştirakını təşviq edir.
Biz Sizin dəstəyinizdən ruhlanaraq, məsələlərin üzərinə daha qətiyyətlə gedirik, cəmiyyətin inkişafı üçün təşəbbüslərin reallaşması işində əzmkarlıq nümayiş etdirməkdən çəkinmirik. Yaratdığınız sərbəst və azad mühit vətəndaş cəmiyyəti üçün böyük töhfədir.
Bu əlamətdar gündə fürsətdən istifadə edərək, fədakar fəaliyyətiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Biz hər gün ən müxtəlif kateqoriyadan olan insanların içərisindəyik. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından bildiririk ki, Sizin liderliyinizlə Azərbaycanın böyük qələbələrinin davam etdirilməsi hər bir azərbaycanlının ümumi arzusu, istəyidir.
Biz Sizinlə – qalib xalqın qalib lideri ilə fəxr edirik! Doğum gününüz mübarək!”.