BU SEÇKİ ZƏFƏR SEÇKİSİDİR – İlkan ƏLİYEV
“İNFONEWS” təqdim edir.
BU SEÇKİ ZƏFƏR SEÇKİSİDİR
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ümummilli lider Heydər Əliyev özünün layiqli davamçısı kimi təqdim etdiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik fəaliyyətinə nəzər yetirdikdə müdrik fikrin təxmin deyil, gələcəyin carçısı olduğunu görürük. Müasir Azərbaycanı yeni dövrün tələblərinə uyğunlaşdıran cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini təhlil etdikdə, onun dövrün çağırışlarına çevik reaksiya verən, idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha öz təsdiqini tapır. Onun rəhbərlik etdiyi Azərbaycan dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa verdiyi sözə tam əməl edir.
Cənab Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Öz işi və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, azərbaycançılıq ideologiyasına uyğun siyasi etika nümunəsi təqdim etdi. 2003-cü il oktyabr ayından başlayaraq bütün illər ərzində dövlət başçısı xalqın mənəvi inkişafı, dini etiqad azadlığı, multikulturalizm və tolerantlıq ənənələrinin dəstəklənməsinə xüsusi diqqət yetirib. Gənclərin sosial, təhsil və mədəni problemlərinin həlli məqsədilə dövlət proqramları təsdiq edilmiş və Gənclər Fondu yaradılmışdır. Bu da göstərir ki, gənclər siyasəti dövlətin fəaliyyətinin prioritet istiqamətlərindən biri, dövlət idarəçiliyinin əsas prinsiplərindəndir.
07 fevral 2024-cü il tarixində ilk dəfə bütöv Azərbaycanda tam olaraq növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Əminliklə deyə bilərik ki, seçkilərin ölkənin bütün ərazilərində keçirilməsi olduqca əhəmiyyətli bir gün kimi Azərbaycan tarixində özünəməxsus yer tutacaq. Bu seçkilər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Cənab Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədlərin qarantıdır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Respublikanın gələcəyinə hesablanmış addımlardır. O, rəhbərlik etdiyi 20 illik müddətdə xalqın böyük etimadını qazanaraq, sübut etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər.
“Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir”, – deyən Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti ilə ölkəmiz həm inkişaf edir, həm iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və müvəffəqqiyətli addımlar atır. Məlumdur ki, həyata keçirilən layihələr və əməkdaşlıq formatları sabitliyin təmin edilməsində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son illər ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada yeri və rolu möhkəmlənməklə yanaşı, ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, hüquq və azadlığının ən yüksək səviyyədə təminatına nail olunub. Prezidentliyinin ilk illərində Ermənistan-Azərbaycan münaqişəsinə beynəlxalq hüquq prinsiplərinə uyğun qiymətləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yürüdülməsi siyasətin real göstəricilərindən biridir. Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə edən cənab Prezident neft və qaz kəmərləri, nəqliyyat yolları, telekommunikasiya xətləri, elektroenergetika layihələrini Ermənistandan yan keçməsinə nail oldu. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcburiyyət qarşısında qalaraq, münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etdilər.
Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma xarici ölkə və təşkilatların da diqqətindən yayınmadı. Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar tərəfindən Ermənistan işğalçı dövlət kimi tanındı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi sübut etdi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa olundu. Qürurlanırıq ki, Ali Baş Komandan və ordumuzun sayəsində bayrağımız hal-hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda və digər rayonlarımızda dalğalanır.
Açıq siyasət yürüdən dövlət başçısı tərəfindən Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, qonşulara qarşı təxribat xarakterli addım və ya təşəbbüs olunmayıb. Bu da dünyada düzgün mövqeyi sayəsində qonşuları arasında hörmət qazanmış ölkə olduğumuzu bir daha sübut edir.
Sonda fikrimi cənab Prezident İlham Əliyevin “Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək!” sözləri ilə yekunlaşdırmaq istərdim.
İlkan ƏLİYEV
Azərbaycan Dövlət İqtisad Universiteti
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri