Azərbaycanda bütün elektron imzalar SHA-2 protokoluna keçirilib
Ölkəmiqyaslı yenilik barədə ilk dəfə sizə məlumat vermək istəyirəm. Biz ötən ilin sonundan başlayaraq ölkədəki bütün elektron imzaların sertifikatlaşdırıldığı kök sertifikat mərkəzinin imza infrastrukturunu tam yeniləmişik.
“İNFONEWS” xəbər verir ki, bunu “AzIntelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizovun eksklüziv müsahibəsi zamanı bildirib.
“Artıq ölkəmizin elektron imza sistemi SHA-1 (Secure Hash Algorithm) protokolundan SHA-2 protokoluna keçirilib və Açıq açar infrastrukturu (public key infrastructure – PKİ) yenilənib”, – deyə Elxan Əzizov vurğulayıb.
Qeyd edək ki, SHA-1 hazırda təhlükəsiz sayılsa da texnologiyanın sürətlə dəyişməsi fonunda dataların təhlükəsiziliyini təhdid edir. Buna görə də əsas onlayn xidmətlər və axtarış sistemləri daha təkmil təhlükəsizliyə və çevikliyə malik olan SHA-2 protokoluna keçirlər.