Aviaşirkətlər vasitəsi ilə turistik səfərlərin sayının artırılması istiqamətində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və iş birliyinin qurulması məsələləri “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Hindistanın “İndigo Airlines” şirkətinin satış direktoru Vişeş Xannanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
“İNFONEWS” xəbər verir ki, bu barədə ATAA məlumat yayıb.
Görüşdə G.Qəhrəmanov nümayəndə heyətinə Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sektorunun inkişafında rolu, üzvlərinin sayı və göstərdikləri xidmət sahələri haqqında ətraflı məlumat verib.
Son illər Hidistandan Azərbaycana səfər edənlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edən ATAA sədri 2023-cü ildə Hidsitandan ölkəmizə 120 minə yaxın şəxsin ziyarət etdiyini və səfər edən ölkələr arasında Hindistanın 4-cü yerdə qərarlaşdığını bildirib. O, Azərbaycanla Hindistan arasında uçuşların sayının çoxaldılmasının, xüsusi ilə “İndigo Airlines”ın Azərbaycan istiqaməti üzrə aktivliyini artırmasının turizm axınına müsbət təsir etdiyini vurğulayıb. G.Qəhrəmanov gəlmə turizmi ilə məşğul olan üzv şirkətlər üçün Hindistan destinasiyanın əsas hədəf bazarlarından biri olduğunu və Assosiasiyanın bu əlaqələrin genişləndirilməsində birgə əməkdaşlığa maraq göstərdiyini diqqətə çatdırıb.
Azərbaycan istiqamətində həfdətə 7 uçuşun həyata keçirildiyini qeyd edən V.Xanna aviaşirkət üçün Azərbaycanın turizm bazarının önəmli olduğunu qeyd edib. Artıq bir müddətdir ki, Assosiasiyanın bir sıra üzvləri ilə sıx əməkaşlıq əlaqələrinin qurulduğunu deyən V.Xanna bu potensialın artırılması üçün birgə fəaliyyətin genişləndirilməsinə hazır olduğunu bildirib.
Görüş zamanı turist cəlbediciliyinin artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq, üzv şirkətlərlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qiymət siyasətinin formalaşdırılması,birgə layihələrin icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
300 dən artıq təyyarəsi olan “İndigo Airlines” şirkəti gündəlik olaraq 75 daxili, 25 beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirir.