Müşahidələrimiz onu deməyə əsas verir ki, seçkilərdə konstitusiya hüquqlar tam təmin edilib və seçkilər yüksək səviyyədə keçirilib.
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləyən Serbiya parlamentinin nümayəndə heyətinin rəhbəri Sandra Boziç fevralın 8-də Bakıda təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, seçkilər yüksək səviyyədə təşkil edilib: “Burada olmaqdan çox şadıq. Bizi növbədənkənar prezident seçkilərinə müşahidəçi kimi dəvət etdiyinə görə Azərbaycana təşəkkür edirik. Düşünürəm ki, bu nəticələr tarixi hadisədir, texniki səviyyədə çox yaxşı təşkil edilmiş seçkidir. Belə seçki keçirdiyinə görə Azərbaycanı təbrik edirik!”.
“Seçki prosesi ərzində Xankəndi və Şuşa şəhərlərində olmuşuq. Bu zaman seçkilərin bütün qaydalara uyğun təşkil etməsinin şahidi olduq. Belə qənaətə gəldik ki, azad seçkilərin həyata keçirilməsinə təhdid yaradan qanun pozuntusu olmayıb”, – S.Boziç əlavə edib.
Serbiyalı deputat vurğulayıb ki, seçki məntəqələrinin ətrafında vəziyyət çox sabit olub. Bu da seçkilərin yaxşı səviyyədə həyata keçirilməsinə şərait yaradıb:
“Xarici ölkədən olan müşahidəçi kimi qeyd edə bilərəm ki, bütün məntəqələrə azad şəkildə daxil ola bildik. Seçkiyə cəlb olunmuş bütün heyətin peşəkarlığı açıq şəkildə müşahidə edilirdi. Onların yaxşı təlim gördüyü tam aydın olurdu”.
S.Boziç vurğulayıb ki, Azərbaycanın demokratik prinsiplərə olan sadiqliyi danılmazdır:
“Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.