“AZƏRSU” ASC-də nələr baş verir?
Son günlərdə “Azərsu” ASC haqqında gündəmi zəbt edən ilginc məlumatlar bitib tükənmək bilmir.
“İNFONEWS” xəbər verir ki, son günlər ölkə gündəmini zəbt edən “Azərsu” ASC və qurumun rəhbərliyi haqqında ilginc faktlar gəlməkdə davam edir.
Məlumat verdiyimiz kimi fevral ayının 1-dən içməli suyun tarif qiymətinin artırılması cəmiyyətdə böyük etirazlara səbəb oldu. Təbii ki, pandemiya dövründə vətəndaşların bir hissəsinin iş yerlərinin bağlanması və ya şəxsi biznesinin fəaliyyət göstərə bilməməsinin nəticəsində gəlirlərinin azalması, eləcə də yanacağın qiymətinin artırılması ilə bütün ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artmasından sonra içməli suyunda qiymətinin 2 dəfə qalxması cəmiyyət tərəfindən birmənalı qarşılana bilməzdi.
Artım olsa belə heç olmasa əhaliyə verilən “içməli” suyun keyfiyyəti müvafiq tələblərə cavab verə bilsəydi və ya heç olmasa 24 saat fasiləsiz suyun verilişi təmin edilsəydi, bəlkədə əhalinin ürəyinə “su səpilərdi”. Amma təəssüf ki, cənab prezidentin dediyi kimi Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalı olsa belə Azərsu tərəfindən əhaliyə verilən suyun keyfiyyəti içməli suyun yox, çirkli suyun tələblərinə daha çox yaxındır. Bundan əlavə cənab prezident növbəti fikrində qeyd etmişdi ki, “Mən istəyirəm, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin”. Lakin nəinki kəndlərə heç şəhərin mərkəzinə qurum tərəfindən 24 saat fasiləsiz suyun verilişi təmin edilə bilməyib.
Hələ bu harasıdır… Artımdan sonra qurumun rəhbəri Qorxmaz Hüseynovun dəbdəbəli villalarının ortaya çıxması isə ölkə ictimaiyyəti arasında ciddi müzakirələr üçün əsas oldu. Məlumdur ki, Qorxmaz müəllim son zamanlar işi ilə yox, daha çox mülkləri ilə gündəmə gəlib. İlham Əliyevin dediyi kimi bəzi məmurlar özü üçün şərait yaratmaq, torpaqları zəbt etmək, özləri üçün iqamətgah tikmək, əraziləri hasara almaq və ora gedəndə oturub təbiəti seyr etmək üçün özlərini iş görürmüş kimi göstərirlər.
Əldə etdiyimiz məlumatlara görə Qorxmaz müəllimin zəbt etdiyi, hasara aldığı və ora gedəndə oturub təbiəti seyr edəcəyi yerlərdən biridə Xəzər dənizinin kənarıdır. Sözügedən məmur Xəzərin sahilində özünə dəbdəbəli, dəyəri milyonlarla ölçülən iqamətgah tikdirib. Özüdə həmin iqamətgahda müəllimin özünə məxsus olan – xüsusi limanı mövcuddur. Maraqlıdır, görəsən Qorxmaz müəllim bu villaları tikdirəcək milyonları haradan əldə edir? Əminik ki, bununla bağlı səlahiyyətli orqanlar ən qısa zamanda müvafiq araşdırma aparıb ölçü tədbirləri görəcəklər.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.